Alimlər kainatdan 10 milyard ildən çox əvvəl yayılan və indiyə qədər qeydə alınmış ən uzaqməsafəli radiosiqnal kəşf ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Məlumata görə, "FRB 20240304B" olaraq adlandırılan bu radiodalğa kainatın cəmi 3 milyard yaşı olduğu dövrdə formalaşıb. Bu siqnala qədər olan məsafə əvvəlki kəşf rekordunu iki dəfədən çox üstələyir.
Tədqiqatçılar bu hadisəni Cənubi Afrikada yerləşən "MeerKAT" radioteleskopu vasitəsilə qeydə alıb, daha sonra isə NASA-nın "Ceyms Uebb" teleskopunun köməyi ilə onun mənbəyi olan qalaktikanı müəyyənləşdiriblər.
Sürətli radiopartlayışlar millisaniyələr ərzində Günəşin uzun illər ərzində saçdığı enerji qədər güclü radiodalğa impulslarıdır. İlk dəfə 2007-ci ildə tapılan bu fenomenlər o vaxtdan bəri elm adamları üçün sirr olaraq qalmaqdadır.
Astronomlar 2007-ci ildən bu yana 10 mindən çox sürətli radiopartlayış qeydə alıblar. Onların bəziləri ardıcıl təkrarlanır, digərləri müəyyən müddət ərzində davam edərək sonradan kəsilir, bəziləri isə yalnız bir dəfə müşahidə olunur.