"Bu gün Xankəndinin yenilənmiş stadionunda ilk oyun keçirildi. Qələbə qazanan tərəf olsaq da, tək sevinən tərəf biz deyildik. Bu gün Xankəndi stadionunda əsl bayram ab-havası var idi".
Oxu.Az xəbər verir ki, bunu I Liqanın VIII turu çərçivəsində keçirilən "Xankəndi" - "Karvan-Yevlax" qarşılaşmasından sonra Yevlax təmsilçisinin baş məşqçisi Ramiz Məmmədov deyib.
O bildirib ki, oyunda onlar qalib gəlsələr də, bu oyun bütün Azərbaycan üçün önəmli bir matç idi:
"Xankəndi" klubuna uğurlar arzu edirəm. Oyuncularıma təşəkkür edirəm. Bütün heyət üzvləri verilən tapşırıqları dəqiq yerinə yetirdi. Digər rəqiblərimizə baxanda, bizim komanda bir az gec toplandı. Lakin yenə də layiqli mübarizə apararaq Premyer Liqaya yüksəlmək istəyirik. Xankəndi bir az yüksəklikdə yerləşdiyi üçün futbolçuların nəfəsi çatmırdı. Bəzi anlarda oyunçular boğulurdu. Bu stadionda oynamaq digər komandalar üçün də çətin olacaq".
Qeyd edək ki, Xankəndi şəhər stadionunda ilk dəfə keçirilən çempionat oyunu "Karvan-Yevlax"ın 0:2 hesablı qələbəsi ilə başa çatıb.