FIFA prezidenti Canni İnfantinonun amerikalı milyarderlər - Kuşner ailəsi ilə dünya çempionatının hüquqlarının satışı barədə 10 ay davam edən qapalı danışıqlar apardığı barədə informasiyalar yayılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Teleqraf" nəşrinin məlumatında bildirilir.
Nəşrin mənbələrinə əsasən, ehtimal edilən razılaşmanın dəyəri 15 milyard funt-sterlinq (təxminən 17.9 milyard avro) qiymətləndirilirdi. Tərəflər arasında ilk təmaslar ötən ilin sentyabrın ortalarında Sürix şəhərində baş tutub.
İnfantinonun ABŞ lideri Donald Trampın kürəkəni Cared Kuşnerlə görüşü isə noyabrın 4-də reallaşıb. Sonrakı dövrdə FIFA prezidenti Caredin qardaşı və bu təşəbbüsün əsas investorlarından biri kimi qələmə verilən Coşua Kuşnerlə müzakirələri davam etdirib.
Ali futbol təşkilatının rəhbərinin Kuşner ailəsinin təmsilçiləri ilə azı 10 dəfə görüş keçirildiyi bildirilir. Bir müddət sonra FIFA ciddi tənqidlərə hədəf olan "FIFA Forward Enterprise" layihəsinin ləğv edildiyini və artıq müzakirəyə çıxarılmayacağını açıqlayıb. Qurum, C.İnfantinonun fikirlərinə yer verib: "Bu layihə ziddiyyətlər yaradıb, ona görə də verilən təklif reallaşdırılmayacaq".