Yaponiya Futbol Assosiasiyasının sabiq prezidenti Kodzo Tacima FIFA rəhbərliyi uğrunda mübarizəyə qoşulub.
Oxu.Az "Asahi" telekanalına istinadən xəbər verir ki, 68 yaşlı Tacima FIFA prezidentliyinə namizəd olmaq üçün rəsmi müraciət edib və beş milli federasiyanın dəstəyini alıb.
Qeyd edək ki, noyabrın 16-da Fransa Futbol Federasiyasının rəhbəri Filip Diallonun da FIFA prezidentliyinə namizəd olduğu açıqlanıb. Hazırda quruma isveçrəli Canni İnfantino rəhbərlik edir.
Tacima 2016-2018-ci illərdə Yaponiya Futbol Assosiasiyasının prezidenti olub. O, 2015-ci ilin aprelindən FIFA Şurasının üzvüdür. 56 yaşlı İnfantino 2016-cı ilin fevralında keçirilən növbədənkənar konqresdə FIFA prezidenti seçilib. Daha sonra iki dəfə rəqibsiz şəkildə yenidən bu vəzifəyə seçilib.
FIFA prezidentliyinə növbəti seçkilər 2027-ci ilin martında Mərakeşdə keçiriləcək.