Volodimir Zelenski ABŞ hərbi bazalarını Ukraynada yerləşdirmək istəyini bir daha bəyan edib.
Oxu.Az-ın "RİA Novosti"yə istinadən xəbərinə görə, Ukrayna lideri bu barədə Almaniyanın Berlin şəhərində "könüllülər koalisiyası"nın iclasından sonra keçirilən mətbuat konfransında danışıb:
"Biz məmnun olardıq ki, etibar etdiyimiz ABŞ-li tərəfdaşlarımız öz bazalarını Ukraynada yerləşdirsinlər. ABŞ Yaxın Şərq ölkələrində olduğu kimi, Ukraynada da öz hərbi bazalarını yerləşdirə bilər. Baxmayaraq ki, bu dövlətlər NATO üzvü deyillər, amma onların ərazisində Birləşmiş Ştatların hərbi obyektləri mövcuddur".
Ukrayna lideri iddia edir ki, ABŞ hərbi bazalarının Ukraynada yerləşdirilməsi NATO-nun 5-ci maddəsi çərçivəsində təhlükəsizlik zəmanətlərinin təmin edilməsi üçün lazımdır. Zelenski həmçinin qeyd edib ki, müvafiq şərt olmadan o, bu müddəanın tam şəkildə tətbiq olunacağından əmin deyil.