Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın İrəvan meri və paytaxtdakı problemlər barədə səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumatlar yayılıb.
Noyabrın 19-da keçirilən brifinq zamanı tənqidləri necə qəbul etdiyi ilə bağlı sualı cavablandıran Paşinyan qeyd edib ki, Akopyanın sözlərini özünə yönəlmiş irad kimi qəbul edir. O, xanımının qaldırdığı aşkar problemlərin həll olunması üçün əlindən gələni edəcəyinə söz verib.
Xanımının onunla məsləhətləşib-məsləhətləşmədiyi, cütlüyün birlikdə yaşayıb-yaşamadığı (onlar əvvəllər boşanıblar) və əgər ayrı yaşayırlarsa, niyə dövlət mühafizəsi tərəfindən müşayiət olunduğu barədə suala cavab olaraq N.Paşinyan bildirib ki, Akopyan hökumət iqamətgahında yaşayır və ictimai fəaliyyətini onunla müzakirə etmir.
"Bu, normal haldır. Harada lazım bilirsə məsləhətləşir, bilmirsə yox. Ermənistan demokratik ölkədir", - deyə Paşinyan vurğulayıb.