Milli Məclisdə müzakirələr zamanı deputat Əlibala Məhərrəmzadə strateji qida məhsulu sayılan kartof toxumunun yox səviyyəsində olduğunu bildirib.
Onun sözlərinə görə, sənaye və elmi əsaslarla sertifikatlaşdırılmış elit toxumçuluq sistemi hələ də formalaşmayıb:
"Ölkənin illik kartof toxumuna olan ümumi tələbatı təxminən 200 min ton civarındadır. Fermerlərin 80%-dən çoxu öz məhsulundan ayırdığı, keyfiyyətini itirmiş ənənəvi və reproduksiyası aşağı düşmüş adi kartofu toxum kimi əkir. Bu isə həm məhsuldarlıqda, həm də bundan birbaşa asılı olaraq rentabellikdə ciddi itki deməkdir. Ölkədə heyvandarlıqda intensiv üsulun tətbiqi nisbətən ləng gedir. Seleksiya yolu ilə yaradılmış məhsuldar toxumlar, cinslər daha da artırılmalıdır. Ümumilikdə aqrar sektorda intensiv üsula keçid daha çox ərazi və resurslara qənaət deməkdir. Bu isə xüsusilə Azərbaycanda aktuallıq kəsb edir. Yüksək texnologiyaların tətbiqi nəticəsində aqrodronlar, peyk izləmə sistemləri və avtomatlaşdırılmış texnikalar sahədəki xəstəlikləri vaxtında aşkar edir. Bu yanaşma həm də maya dəyərinə ciddi təsir edən əl əməyini minimuma endirir.
Budan başqa intensiv üsulla düzgün aqrotexniki qulluq torpağın münbitliyini qoruyur. Ekstensiv üsuldan fərqli olaraq, təbiətə və ətraf mühitə daha az zərər dəyir".
Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bu problem haqqında uzun müddətdir danışdığını söyləyib:

"Ölkədə toxumçuluq sahəsində çox ciddi problemlər var. Azərbaycanda uzun müddətdir seleksiya işləri ilə ciddi məşğul olunmur. Ümumiyyətlə, toxumçuluğa lazımi diqqət yetirilmir. Ona görə də məhsuldarlıq aşağıdır. Digər sahələrdə də vəziyyət eynidir. Məhsullar rəqabətqabiliyyətli deyil, keyfiyyət də azdır.
Məsələn, adi dəndən taxıl toxumu kimi istifadə edirlər. Bu səbəbdən taxılçılıqda da vəziyyət ürəkaçan deyil. Eyni zamanda kartof yumrularından, yəni adi kartofdan toxum materialı kimi istifadə olunur. Bu da kartofçuluqda məhsuldarlığın aşağı olmasına və getdikcə daha da azalmasına səbəb olur.
Fermerlər istifadə etdikləri kartof yumrularını daha çox Rusiyadan baha qiymətə alırlar. Həmin məhsullara guya toxumluq, birinci reproduksiya olduğu barədə sertifikatlar da verilir. Lakin apardığımız araşdırmalar göstərir ki, vəziyyət heç də belə deyil. Bu, çox ciddi problemdir.
Məhsuldarlığın aşağı düşməsi kartofun Azərbaycanda baha olmasının səbəblərindən biridir. Təsəvvür edin, bir hektardan orta hesabla təxminən 20 ton, daha dəqiq desək, 197 sentner məhsul əldə edirik. Bu, çox aşağı göstəricidir. Normal halda hektardan iki dəfə çox, yəni 40 ton məhsul götürülməlidir. Yaxşı göstərici isə 40 tondan da yüksək olmalıdır. Problem çox ciddidir. Təəssüf ki, bu məsələyə çox gec diqqət yetirilib".
Ekspertin sözlərinə görə, toxum istehsalının artırılması üçün əsaslı tədbirlərə ehtiyac var:
"Seleksiya, genetika və toxumçuluq sahələrinə diqqət yetirilməlidir. Fermerlərlə işləmək lazımdır ki, toxum istehsalını öz üzərlərinə götürsünlər.
Keyfiyyətli toxum istehsal etmək mümkün olan regionlarımız var. Məsələn, Gədəbəy, Tovuz, hətta Şəmkir bu sahədə yaxşı nəticələr əldə edə bilər. Bu sahəyə məsul olan qurumda mövcud problemləri müəyyənləşdirən və həlli istiqamətində çalışan mütəxəssislərə ehtiyac var".