Ermənistanın baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyan hakim Vətəndaş Sazişi Partiyasında ciddi ajiotaj yaradıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat yayılıb.
Bildirilir ki, partiyada Akopyanın ərinin komandasını niyə bu qədər kəskin tənqid etdiyini və məsələnin, doğrudan da, yalnız İrəvan tıxaclarından ibarət olub-olmadığını anlamağa çalışırlar.
Müzakirələrə Akopyanın yayımladığı iki video səbəb olub. O, birinci videonu noyabrın 10-da paylaşaraq İrəvandakı dözülməz tıxaclardan şikayətlənib. Onun sözlərinə görə, paytaxtın bir ucundan digərinə çatmaq üçün artıq "kosmonavt sağlamlığı" tələb olunur. Korrupsiya ilə bağlı eyham da diqqətdən qaçmayıb: Akopyan qeyd edib ki, milyonlar yatıran şirkətlərə tikinti icazəsi vermək hakimiyyət üçün tıxac problemini həll etməkdən daha asandır.
Lakin o bununla yekunlaşmayıb. Noyabrın 17-də Akopyan yenidən tıxaclar mövzusuna toxunaraq sürücü qadınları öz narazılıqlarını açıq ifadə etməyə çağırıb. Bu zaman o, ironiyasından da qalmayıb: "Yoxsa məlum ola bilər ki, İrəvan tıxaclarında da günahkar keçmiş hakimiyyətlərdir". Qeyd olunur ki, məhz bu ifadə hakim partiyada xüsusi maraq doğurub. Çünki Nikol Paşinyan uzun illərdir ki, müxtəlif problemləri öz sələflərinin siyasəti ilə izah edir. İndi isə onun bu vərdişinə öz xanımı istehza edir.
Partiya daxilində Akopyanın bəyanatlarının arxasında nəyin dayandığını təxmin etməyə çalışırlar. Bəziləri hesab edir ki, o bununla öz siyasi karyerasına başlamaq üçün zəmin hazırlayır. Digərləri isə bu çıxışlarda bələdiyyə seçkisi ərəfəsində İrəvan meri Tiqran Avinyanın mövqelərini zəiflətmək cəhdini görürlər. Akopyanın narazılığının yalnız merin işi ilə məhdudlaşmadığını və bütövlükdə hakimiyyətin siyasətinə yönəldiyini düşünənlər də var. Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın Akopyanın videosunu öz sosial şəbəkə hesabında paylaşması isə vəziyyətə əlavə intriqa qatıb.
Ermənistan mətbuatının məlumatına əsasən, Simonyan özü də İrəvan meri kürsüsü uğrunda mübarizə aparmaq niyyətindədir və öz reytinqinin hazırkı şəhər rəhbərindən yüksək olduğunu düşünür. Bununla əlaqədar olaraq, bəziləri bu paylaşımı partiyadaxili rəqabətin daha bir əlaməti kimi qiymətləndiriblər.
Avinyan özü də noyabrın 17-də səsləndirilən tənqidlərə reaksiya verib. O bildirib ki, tıxaclar təkcə Anna Akopyanı deyil, paytaxtın bütün sakinləri kimi onu da narahat edir və eyni zamanda, meriyanın bu problemə həll yolu tapmalı olduğunu etiraf edib.