İrəvan meri Tiqran Avinyan noyabrın 16-da keçirilən meriya iclasında paytaxtdakı tıxacları avtomobillərin sayının artması və sürücülük mədəniyyəti ilə əlaqələndirib.
Oxu.Az bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir ki, bununla o, tıxacın səbəbinin yeni binaların tikintisi ilə bağlı olduğunu düşünənlərə etiraz edib.
T.Avinyanın sözlərinə görə, bu ilin ilk on ayında metroda sərnişindaşımalarının sayı 23 milyona çatıb, bu göstərici 2016-cı ilin eyni dövründə 12-13 milyon olub.
Mer vurğulayıb ki, 2023-cü ildən şəhərdə yeni tikinti üçün tətbiq olunan ödənişlərdən maliyyə vəsaitləri əldə edilir və onlar infrastrukturun inkişafına yönləndirir.
"İrəvan şəhərinin tikilməkdə olan bu binalarında birbaşa maliyyə marağı var. Xüsusilə, meriyanın tikdiyi yüzlərlə həyət, futbol meydançaları, yollar və kanalizasiya şəbəkələri 2023-cü ildən tikinti layihələri üçün tətbiq edilən ödənişlər hesabına inşa olunub. Əvvəllər insanların ciblərinə gedən pullar indi həyətlərə, uşaq bağçalarına, küçələrə və səkilərə xərclənir", - deyə Avinyan bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan "Facebook"un canlı yayımında İrəvandakı tıxaclardan narazılığını ifadə etmiş və səbəblərindən biri kimi paytaxtda tikinti işlərinə icazələrin verilməsini göstərmişdi.