İspaniyanın Ubeda şəhərinin sakini aldığı binanın divarlarının arxasında orta əsrlərə aid kilsə fasadını aşkar etdiyinə görə bir milyon avrodan çox kompensasiya alacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "El País" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, tapıntı 2016-cı ildə üzə çıxıb. Xuan Fransisko Ubedanın mərkəzində aldığı binanın divarlarını sökərkən onların arxasında kilsənin daş fasadını aşkarlayıb. Sonradan məlum olub ki, fasad 1347-ci ilə aid edilən Müqəddəs Georgi hospitalının kilsəsinə məxsusdur.
Fasadın eni 15 metr, hündürlüyü isə 11 metrdir. Tapıntını araşdıran ekspertlər onun yüksək bədii dəyərə malik olduğunu bildiriblər.
Andalusiya hakimiyyəti tapıntının artıq qorunan tarixi abidənin bir hissəsi olduğunu əsas gətirərək Xuan Fransiskoya mükafat ödəməkdən imtina edib. İspaniya Ali Məhkəməsi isə şəhər sakininin xeyrinə qərar çıxararaq ona bir milyon avrodan çox kompensasiya ödənilməsinə hökm verib.