İspaniyanın Uşaq və Gənclər İşləri Nazirliyi prokurorluğa müraciət edərək "TikTok" sosial şəbəkəsinin araşdırılmasını xahiş edib.
Oxu.Az xəbər verir ki, bu barədə "El País" nəşri məlumat yayıb.
Buna səbəb "Maldita.es" təşkilatının 35 gün ərzində apardığı araşdırmanın nəticələridir.
Araşdırma zamanı platformada uşaqlara qarşı cinsi zorakılığı əks etdirən minlərlə videonun açıq şəkildə paylaşıldığı aşkarlanıb.
Nazirlik ölkədə "TikTok"un fəaliyyətinin dayandırılması məsələsini də müzakirə edir. Hökumət uşaqların və yeniyetmələrin müdafiəsi üçün tədbirlər görülməsi məqsədilə toplanmış məlumatları prokurorluğa göndərib.
Nazirlikdəki mənbələr sənədləşdirilmiş faktları son dərəcə ciddi qiymətləndirir və həm milli, həm də Avropa səviyyəsində təcili tədbirlər görülməsinin vacibliyini vurğulayırlar.
"Maldita.es" təşkilatının araşdırması zamanı uşaqlara qarşı açıq şəkildə zorakılığı əks etdirən 1 183 video, həmin videoların ümumilikdə 48 milyon baxış topladığı, eləcə də bu materiallara şərh yazan və onları paylaşan 26 mindən çox potensial pedofil hesabı aşkarlanıb.
"TikTok" videoların bir qismini silib. Lakin təşkilatın məlumatına görə, həmin hesabların əksəriyyəti hələ də aktivdir.