Yəmənin "Ənsar Allah" terror təşkilatının üzvləri - husilər Səudiyyə Ərəbistanının qərbində yerləşən Ciddə dəniz limanına hücum etdiklərini bildiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə təşkilatın nümayəndəsi Yəhya Səriyanın bəyanatında qeyd olunub.
"Ciddə limanına zərbə endirdik. Əməliyyat uğurla həyata keçirilib", - deyə bəyanatda bildirilib.
Səriyanın sözlərinə görə, Əl-Əhsada yerləşən Əl-Usmaniya qaz emalı zavoduna, Ər-Riyaddakı Milli Qvardiyanın rabitə batalyonuna, Şərq əyalətindəki Şadkam qaz elektrik stansiyasına və Xamis-Muşayt şəhərindəki radiolokasiya stansiyasına da zərbələr endirilib.
Qeyd edək ki, sözügedən məlumat husilərin açıqlamasına əsaslanır. Zərbələrin nəticələri barədə məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.