Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinə tabe olan qüvvələr müvəqqəti paytaxt Ədənin təhlükəsizliyini təmin etmək məqsədilə Bab əl-Məndəb boğazı və Zübab rayonunda yerləşən hərbi bölmələrinin dislokasiyasını dəyişiblər.
Oxu.Az "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, Yəmənin Cənub Qüvvələri komandanlığının bəyanatına əsasən, qoşunların geri çəkilməsi qüvvələrin yenidən təşkili və digər istiqamətlərdə mövcudluğunun gücləndirilməsi məqsədilə həyata keçirilib.
Telekanalın məlumatına görə, qüvvələrin yenidən yerləşdirilməsi üsyançı "Ənsar Allah" hərəkatının (husilərin) hökumət qoşunlarının Ləhic vilayətindəki mövqelərinə təzyiqi artırdığı bir vaxta təsadüf edir.
Husilərin nəzarətində olan SABA informasiya agentliyi isə hərbi mənbəyə istinadən hökumətyönlü qüvvələrin şiddətli toqquşmalardan sonra itkilər verərək Ədən istiqamətində geri çəkildiyini iddia edib.