Sosial şəbəkələrdə gəlir əldə etmək məqsədilə istifadə olunan üsulların sırasına daha biri əlavə olunub. Əvvəllər "slime", halay və konvoy kimi fərqli ssenarilərlə canlı yayımlarda pul toplayan virtual yayımçılar, bu dəfə dini dəyərləri hədəf seçən mübahisəli bir yolla diqqət çəkiblər.
Oxu.Az "Haber7"yə istinadən xəbər verir ki, "TikTok"dakı canlı yayımlarda virtual Kəbə təsvirindən istifadə olunaraq izləyicilərə virtual təvaf etdirildiyi müşahidə edilib.
Kəbənin ətrafında fırlanan animasiya personajlarının üzərinə hədiyyə və jeton göndərən şəxslərin adları yazılıb. Beləliklə, dini ritualların canlı yayımlarda gəlir mənbəyinə çevrilməsini əks etdirən kadrlar ciddi etirazla qarşılanıb. Qeyd olunur ki, virtual təvaf yayımları zamanı göndərilən jetonların sayından asılı olaraq müxtəlif animasiya və effektlər aktivləşir.
Sistemdəki mərhələlər belədir - 1-4 jeton: Rəqəmsal zəmzəm təqdimatı effekti nümayiş etdirilir. 30-99 jeton: Şeytan daşlama animasiyası işə düşür. 100 jeton və daha çox: Xüsusi dəstək mesajları göndərilir.
Xüsusilə ilk beşliyə daxil olmağa cəhd edən iştirakçılar xüsusi mesajlar və təbriklərlə həvəsləndirilirlər.
Yayımlarda "Allah qəbul etsin" və "Allah mənə də qismət etsin" kimi şərhlər də diqqətdən yayınmır. İzləyicilər yolladıqları hədiyyələr müqabilində adlarının ekranda əks olunmasına nail olurlar. Animasiya qəhrəmanlarının yanında adlar qeyd edilərkən, "Ayşə təvafı bitirdi" kimi cümlələr işlədilir. Bu hal isə iştirakçıların yayımda daha çox vaxt keçirməsinə və daha çox jeton göndərməsinə səbəb olur. Sözügedən tətbiq vətəndaşların narazılığına səbəb olduğu halda, mütəxəssislər həcc və ümrə kimi ibadətlərin virtual simulyasiyalarla icra edilməsinin qeyri-mümkünlüyünü vurğulayıblar. Bu çərçivədə ilahiyyatçılar dini dəyərlərin qazanc məqsədilə istismar edilməsinə sərt reaksiya veriblər. İlahiyyatçılar, "İslam dininə görə virtual ibadət mövcud deyil. İbadətlərin əsas məqsədi insanın şəxsən öz sözü, bədəni və ruhu ilə iştirak etməsidir. Virtual formada ibadət etdirərək insanlardan pul istəmək, dini bir istismar aləti kimi istifadə etmək mənasına gəlir." fikirlərini səsləndiriblər.