Bakıda ucuz qiymətə "iPhone" satışı adı altında vətəndaşları aldadan şəxs saxlanılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, sosial şəbəkədə saxta elanlar yerləşdirərək vətəndaşların pullarını dələduzluq yolu ilə ələ keçirən şəxslə bağlı polisə müraciətlər daxil olub.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs "TikTok" sosial şəbəkəsində "mobil_ordubadd" adlı saxta səhifə yaradaraq digər mağazalara məxsus mobil telefonların foto və videogörüntülərini paylaşıb. O, telefonları ucuz qiymətə, faizsiz və güzəştli kredit şərtləri ilə satacağını vəd edərək 70-dən artıq vətəndaşı aldadıb və pul vəsaitlərini özünə məxsus bank kartlarına köçürüb. Nəsimi rayonunda polisin keçirdiyi tədbirlərlə dələduzluq əməlini törədən Nihad Qurbanov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.