Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, dərman vasitələrinin Tarif (qiymət) Şurasının müəyyənləşdirdiyi yuxarı həddən aşağı qiymətə satılması zamanı vergitutma məqsədləri üçün bazar qiymətinin tətbiqi qaydalarının dəyişdirilməsi nəzərdə tutulur.
Bildirilir ki, bu, dərman vasitələrinin qiymətlərinin Tarif Şurası tərəfindən yuxarı hədd kimi müəyyənləşdirilməsi və həmin məhsulların daha aşağı qiymətə satılmasının mümkün olması ilə bağlıdır.
Təklifə görə, dərmanlar Tarif Şurasının müəyyənləşdirdiyi yuxarı qiymət həddindən aşağı satıldıqda bazar qiyməti Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə uyğun hesablanacaq. Bu məqsədlə Məcəllənin 14.10-cu maddəsinin təkmilləşdirilməsi zəruri sayılır.
Görəsən, bu dəyişikliklər hansı zərurətdən yaranıb?
Məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva bildirib ki, təklif olunan dəyişiklik dərman vasitələrinin satışından yeni vergi tutulmasını nəzərdə tutmur.
O bildirib ki, əsas məqsəd dərmanların satış qiymətinin vergitutma zamanı necə müəyyənləşdirməsini dəqiqləşdirməkdir:

"Burada söhbət dərmanların qiymətinin yuxarı həddinin Tarif (qiymət) Şurası tərəfindən müəyyənləşdirilməsi, lakin həmin həddən aşağı qiymətə də satıla bilməsi ilə bağlı yaranan vergi məsələsindən gedir. Məsələn, Tarif Şurasının müəyyən etdiyi maksimum qiymət 10 manatdır, aptek həmin dərmanı 9 manata da sata bilər. Yəni 10 manat məcburi satış qiyməti deyil, maksimum həddir.
Dəyişiklik qəbul olunarsa, dərmanların Tarif Şurasının müəyyənləşdirdiyi maksimum qiymətdən aşağı satıldığı hallarda vergitutma məqsədilə bazar qiymətinin müəyyənləşdirilməsində Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinin müddəaları tətbiq ediləcək. Həmin maddəyə əsasən, bazar qiyməti vergi orqanı tərəfindən müəyyən olunur.
Belə ki, vergi ödəyicilərinin 30 gün ərzində eynicinsli mallara tətbiq etdikləri qiymətlər bazar qiymətlərindən topdansatış ticarətində 10 faizdən çox, digər sahələrdə isə 30 faizdən çox fərqləndikdə bazar qiyməti vergi orqanı tərəfindən hesablanır".