Dərman vasitələrinin Tarif (qiymət) Şurasının müəyyən etdiyi yuxarı həddən aşağı qiymətə satılması zamanı vergitutma məqsədləri üçün bazar qiymətinin tətbiqi qaydalarının dəyişdirilməsi təklif olunur.
Oxu.Az-ın məlumatına görə, bu məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Bildirilir ki, dərman vasitələrinin qiymətlərinin Tarif Şurası tərəfindən yuxarı hədd kimi müəyyənləşdirilməsi və həmin məhsulların aşağı qiymətə satılmasının mümkün olmasıdır.
"Dərman vasitələri haqqında" Qanunun 15 avqust 2023-cü ilədək qüvvədə olan redaksiyasına əsasən, qeydiyyata alınmış dərmanların tənzimlənmədən və ya müəyyənləşdirilmiş qiymətlərdən yuxarı satılması qadağan idi.
2023-cü il avqustun 15-dən qüvvəyə minən dəyişikliklərlə dərman vasitələrinin qiymətlərinin yuxarı həddinin müəyyənləşdirilməsi təsbit olunub. Tarif (qiymət) Şurasının 15 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiq etdiyi topdan və pərakəndə satış qiymətləri yuxarı hədd kimi müəyyənləşdirilib. Beləliklə, dərmanların həmin qiymətlərdən aşağı satılmasına imkan yaradılıb.
Hazırda Vergi Məcəlləsinin 14.10-cu maddəsinə əsasən, Tarif (qiymət) Şurası tərəfindən qiymətləri tənzimlənən mallar təqdim edilərkən və alınarkən vergitutma məqsədləri üçün bazar qiyməti tətbiq olunduqda Şuranın müəyyənləşdirdiyi qiymətlər əsas götürülür.
Təklifə görə, dərmanlar Tarif Şurasının müəyyən etdiyi yuxarı qiymət həddindən aşağı satıldıqda, bazar qiyməti Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə uyğun hesablanacaq. Bu məqsədlə Məcəllənin 14.10-cu maddəsinin təkmilləşdirilməsi zəruri sayılır.