Kriptovalyuta ticarət platforması olan "Binance" kiberhücuma məruz qaldıqdan sonra bərpa proseslərini davam etdirir. Artıq Bakı vaxtı ilə saat 08:00-dan etibarən orta və aşağı kapitallaşmaya malik bir sıra aktivlər üzrə vəsaitlərin çıxarılması prosesi yenidən aktivləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə birjanın rəsmi məlumatında qeyd olunub.
"Vəsaitlərin çıxarılması funksiyasının tam bərpası üzərində işləri davam etdiririk. Aşağıda qeyd olunan aktivlər üçün vəsaitlərin çıxarılması saat 04:00-dan (UTC) (Bakı vaxtı ilə 08:00) etibarən bərpa ediləcək", - deyə şirkətin bəyanatında bildirilir.
Məlumatla birlikdə orta və aşağı kapitallaşmalı aktivlərin siyahısı da təqdim edilib.
Xatırladaq ki, "Binance" kriptobirjası oktyabrın 29-da hakerlərin hədəfinə çevrildiyini elan etmişdi. Hadisə nəticəsində ehtimal olunan zərərin 6.3 milyard dollar təşkil etdiyi bildirilir. Hücumla əlaqədar müvəqqəti dayandırılan vəsaitlərin çıxarılması funksiyası yenidən işə salındıqdan sonra istifadəçilər platformadan təqribən 3.64 milyard dollar dəyərində vəsait çıxarıblar.