İsrail Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinin statusu ilə bağlı saziş imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Qəzza zolağı üzrə Sülh Şurasının ali nümayəndəsi Nikolay Mladenov "X" hesabında məlumat verib.
"İsrail Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin statusu ilə bağlı saziş imzalayıb. Bu, qüvvələrin ilkin yerləşdirilməsinə yol açır və bizi demilitarizasiya, keçid dövrü və bərpa işlərinin praktiki mərhələsinə yaxınlaşdırır", - deyə o yazıb.
Qeyd edək ki, bundan əvvəl İsrail hərbçiləri razılaşmaya uyğun olaraq, anklav ərazisinin 50 faizindən çoxuna nəzarəti saxlamaqla "sarı xətt" adlandırılan mövqelərə çəkiliblər.
Razılaşmanın ikinci mərhələsi İsrail qoşunlarının anklavdan çıxarılmasını, beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini, eləcə də Sülh Şurası da daxil olmaqla, Qəzza zolağının idarə olunması üzrə strukturların fəaliyyətə başlamasını nəzərdə tutur.