Əslən Laçından olan Ramiz Əhmədov doğma yurduna qayıtmaq üçün 9 min manat ödədiyini, lakin dələduzluğun qurbanı olduğunu iddia edir.
Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, vətəndaşın sözlərinə görə, o, altı ay əvvəl Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edib.
Ramiz Əhmədovun sözlərinə görə, o, komitənin aparat rəhbəri və işğaldan azad olunmuş ərazilərdə daimi məskunlaşmanın təşkili üzrə komissiyanın sədri Eldar Zeynalovla görüşüb. Ona bildirilib ki, qaydalara uyğun olaraq, qəbul şöbəsində ərizə yazaraq qayıdış üçün qeydiyyatdan keçməlidir və növbəsi çatdıqda aidiyyəti üzrə çağırılacaq.
Daha sonra Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən "Məşəl" düşərgəsində yaşayan Əhmədovlar ailəsinə zəng gəlib. Ramiz Əhmədov iddia edir ki, xalası oğlu Sabir və onun Xəqani adlı tanışı 9 min manat müqabilində Qarabağa qayıdışını təmin edəcəklərinə söz veriblər.
"Mənə dedilər ki, köç pulladır. Bankdan 9 min manat kredit götürdüm. Əvvəl 5 min manat, daha sonra isə iki dəfə 2 min manat verdim. Dedi ki, balam ölsün, pulu ver, ev sənindir", - deyə vətəndaş bildirib.
Əhmədovun iddiasına görə, həmin şəxslər Eldar Zeynalovla yaxın dostluq münasibətlərinin olduğunu da bildiriblər. Lakin sonradan vətəndaşa verilən vəd yerinə yetirilməyib.
Vətəndaşın şikayəti ilə bağlı Dövlət Komitəsindən bildirilib ki, pul qurumun rəsmilərinin adından istifadə edilməklə onun yaxın qohumları tərəfindən alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə məsələ ilə bağlı müraciətin nəzarətə götürüldüyü bildirilib.