Afrikada yayılan Ebola qızdırmasına Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənmiş dərman preparatları və vaksinləri olmayan nadir Bundibugio virusu səbəb olur.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, Konqo hökuməti ölkədə Ebola virusuna yoluxma nəticəsində baş verən və laborator müayinələrlə təsdiqlənən ölüm hallarının sayının 6 mini keçdiyini bildirib.
Agentliyin məlumatına görə, hazırkı epidemiya zamanı 12 254 nəfər virusa yoluxub, 6 025 nəfər isə həyatını itirib. Ölüm göstəricisi 49,1 faiz təşkil edir.
Epidemiyanın episentri Konqonun İturi əyalətidir.
Uqanda hakimiyyəti isə iyulun 28-də ölkədə epidemiyanın başa çatdığını elan edib. Daha sonra bu məlumat ÜST tərəfindən təsdiqlənib.
Oktyabrın 6-da Keniya hakimiyyəti ölkədə Ebola virusuna ilk yoluxma halının qeydə alındığını, oktyabrın 20-də isə Nigeriyanın Səhiyyə Nazirliyi ölkə ərazisində Ebola xəstəliyinin aşkarlandığını açıqlayıb.