Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun ölkənin səkkizinci əyalətinə yayıldığı təsdiqlənib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə KDR Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən İctimai Səhiyyə İnstitutu məlumat yayıb.
Bildirilib ki, Şimali Ubanqi əyalətində iki nəfərin Ebola virusuna yoluxduğu aşkarlanıb. Onlardan biri həyatını itirib.
Ebola virusunun Şimali Ubanqi əyalətində yayıldığı barədə ilk dəfə oktyabrın 15-də KDR parlamentinin deputatı, 2021-2023-cü illərdə ölkənin səhiyyə naziri olmuş Jan-Jak Mbunqani Mbanda məlumat verib. Sonradan bu məlumat dövlət qurumu tərəfindən təsdiqlənib.
Şimali Ubanqi əyaləti Konqo Demokratik Respublikasının şimal-qərbində yerləşir. Əyalət sentyabr ayında Ebola virusuna yoluxma hallarının qeydə alındığı Cənubi Ubanqi ilə həmsərhəddir.
Konqo hökumətinin son məlumatına görə, ölkədə laboratoriya şəraitində təsdiqlənmiş Ebola virusuna yoluxma hallarının sayı 9 144-ə çatıb. Xəstəlik nəticəsində 4 410 nəfər həyatını itirib. Ölüm göstəricisi 48.2 faiz təşkil edir.
Hazırda xəstəxanalarda və tibbi təcridxanalarda Ebola virusuna yoluxma şübhəsi ilə 899 nəfər saxlanılır.