Baku TV-nin "Kriminal" verilişində bu dəfə 2023-cü il aprelin 6-da Sabunçu rayonunun Nardaran qəsəbəsində baş vermiş qətl hadisəsinin təfərrüatı diqqətə çatdırılıb.
Həmin gün 69 yaşlı sahibkar Kamran Bəkirov 300 min manat pulla görüşə gedib və itkin düşüb. İki gün sonra onun meyiti Nardaran qəsəbəsindəki "Ləhic bağları" yaşayış massivində yerləşən su quyusunda aşkarlanıb. İstintaq materiallarına əsasən, Mustafa Zeynalov və Namiq Əliyev Kamran Bəkirovu vəzifəyə düzəltmək vədi ilə aldadaraq görüşə çağırıblar.
Cinayəti əvvəlcədən planlaşdıran şəxslər Maştağa qəsəbəsində görüşdükdən sonra avtomobillə adıçəkilən əraziyə yollanıblar. Mustafa Zeynalov və Namiq Əliyev Kamran Bəkirovun başına şampan şüşəsi ilə zərbələr endiriblər. Daha sonra ona daş parçası bağlayaraq su quyusuna atıb və gətirdiyi 300 min manat pulu ələ keçiriblər.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Kamran Bəkirov alın sümüklərinin qəlpəli açıq sınıqları nəticəsində yaranan qansızmadan ölüb. Ələ keçirilən pulun 51 300 manatı Namiq Əliyevə verilib, qalan məbləği isə Mustafa Zeynalov götürüb.
Məhkəmədə Mustafa Zeynalov Kamran Bəkirovu öldürdüyünü etiraf etsə də, quldurluq ittihamını qəbul etməyib. Namiq Əliyev isə cinayətdə iştirakını inkar edib, lakin vaxtında təcili tibbi yardım çağırmadığına görə özünü günahkar hesab etdiyini bildirib.
Məhkəmə hesab edib ki, istintaq orqanı tərəfindən M.Zeynalov və N.Əliyevin əməlləri Cinayət Məcəlləsinin 120.2.1-ci (qrup halında qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmək məqsədilə qəsdən adam öldürmə), 120.2.11-ci (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq törətmə) maddələri ilə düzgün tövsif edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il fevralın 13-də çıxardığı hökmə əsasən, Mustafa Zeynalov və Namiq Əliyevin hər biri 19 il müddətinə azadlıqdan məhrum edilib.