Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qonağı Nardaran sakini Ağasəid Orucov olub.
Verilişdə uşaqlıq illərindən, müəllimlik və direktorluq fəaliyyətindən, o dövrün kənd həyatından danışan Ağasəid Orucov öz həyat hekayəsini bölüşüb.
Nardaran sakini o dövrdə kənddə təhsilə marağın az olduğunu və qız uşaqlarının tez məktəbdən uzaqlaşdırıldığını deyib:
"Çətinlik onda idi ki, təhsilə çox maraq yox idi. Təsərrüfat işləri, qərənfil gəlir gətirirdi deyə çoxu ona üz tutmuşdu. Qız uşaqlarını üçüncü, dördüncü, beşinci sinifdən çıxarıb deyirdilər ki, yazmaq-oxumaq öyrənmisən, bəsdir. Amma baxın, bu illərdə 30 nəfərə yaxın qız Nardarandan instituta daxil olub. Dövr necə dəyişir".
Ailə qurmaq hekayəsindən və qarşılaşdığı çətinliklərdən danışan Ağasəid Orucov qız evinin şərtlərini belə xatırlayıb:
"1975-ci ildə ailə qurdum. Həyat yoldaşım qohum deyildi, nardaranlı idilər, amma şəhərdə yaşayırdılar. Biz imkansız idik, atam avtobus sürücüsü idi. Qızın anası şəhərdə ev istədi. Bizim kənddə evimiz var idi, amma onlar şəhərdə istədilər. Atam razılaşdı, aldılar".
50 illik ailə həyatından, sevgidən və yoldaşı ilə münasibətlərindən söz açan Ağasəid müəllim bildirib:
"Ailədə bir müddət sevgi olur, sonra hörmət başlayır. Küsüb-barışanda həmişə ilk addımı yoldaşım atıb. Bəzən deyir ki, məni tərifləmirsən. Deyirəm ki, arvadı tərifləməzlər. Biz sevgimizi əməlimizlə göstərmişik".