Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qonağı Novxanı sakini Ağagül Məmmədov olub. Novxanıda məskunlaşan ailəsinin tarixindən, atasının 12 yaşında Cəlilabadın Hasıllı kəndindən Bakıya gəlməsindən və illər sonra ailəsi tərəfindən tapılmasından danışan Ağagül Məmmədov atasının həyat hekayəsini bölüşüb.
O bildirib ki, atası Novxanıda kənd sakinlərinin köməyi ilə böyüyüb, burada ailə qurub və ömrünün böyük hissəsini zəhmətlə keçirib. Ağagül Məmmədov atasının və anasının ona aşıladığı dəyərlərdən, kənddəki həmrəylikdən və insanların bir-birinə dayaq olmasından da söz açıb:
"Biz kasıbçılıq çəkmişik. Amma ata-anamızı incitmək istəməmişik. Bir kostyum, bir köynək alardılar, çalışardıq ki, iki-üç il geyinək. Yemək, paltar üstündə danışmamışıq. Olandan yemişik".
Ağagül Məmmədov 35 il çörək maşını sürücüsü kimi çalışdığını, bu peşənin ona çörəyin qədrini öyrətdiyini bildirib:
"Çörəyin qədrini həmişə bilmişəm. Maşının içində qırıntı olurdu. Hər dəfə baxırdım ki, qırıntı ayağımızın altına tökülməsin. Həmişə maşınımda süpürgə olub. Çörəyin qədrini bildim, Allah da məni və ailəmi dolandırdı".
İnsanın maddi deyil, mənəvi zənginliyinin daha vacib olduğunu vurğulayan Novxanı sakini deyib:
"Əsas insanın qəlbini doyurasan ki, gözü tox olsun. İnsanın gözü tox, qəlbi geniş, səxavətli olsun".