İspaniyanın Palma-de-Malyorka şəhərinin hava limanında polis bağırsağında 1.3 kq-dan çox heroin keçirməyə cəhd edən 46 yaşlı kişini saxlayıb.
Oxu.Az "Bild"ə istinadən xəbər verir ki, bu barədə ölkə polisi məlumat yayıb.
Məlumata görə, sərnişin Belçikanın Şarlerua şəhərindən adaya uçub. Belçika hüquq-mühafizə orqanları əvvəlcədən ispan həmkarlarına kişinin narkotik qaçaqmalçılığı ilə əlaqəli ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Təyyarə enəndən sonra onu gömrük, Mülki Qvardiya və polis əməkdaşları saxlayıblar. Kişi rentgen müayinəsinə göndərilib və müayinə onun həzm sistemində çoxlu sayda şübhəli kapsul olduğunu göstərib.
Xəstəxanada həkimlərin nəzarəti altında onun orqanizmindən içərisində ağ rəngli maddə olan 109 paket çıxarılıb. Ekspertiza onların içərisində ümumi çəkisi 1.353 kq olan heroinin olduğunu təsdiqləyib.
Tibbi prosedurlar başa çatdıqdan sonra kişi məhkəməyə aparılıb. Hakim narkotik vasitələrin qaçaqmalçılığı ilə bağlı araşdırma müddətində onun həbsdə saxlanılmasına qərar verib.