Quba rayonu, Qırmızı qəsəbədə yaşayan dağ yəhudiləri Roş ha-Şana bayramını qeyd edirlər. Onlar yəhudi təqvimi ilə 5787-ci ili qarşılayırlar.
Baku TV-nin məlumatına görə, qəsəbə sakinləri sinaqoqa gələrək dualar oxuyur və dini ayinləri yerinə yetirirlər. Dağ Yəhudiləri Dini İcmasının sədri Pisax İsakov bildirib ki, "roş" "baş" deməkdir və ilin başlanğıcını ifadə edir:
"Yəhudi təqvimi ilə Tişri ayının 1-i ilin başlanğıcıdır. Ayın 1-dən 10-na qədər hər bir yəhudi Allaha müraciət edərək etdiyi günahların və səhvlərin bağışlanmasını istəyir. Biz inanırıq ki, bu günlərdə hər bir yəhudinin taleyi həll olunur. Bayram süfrəsi zəngin olur. Ən əsası süfrədə bal və alma olmalıdır. Bu gecə alma dilimini bala batıraraq yeyirik ki, gələn ilimiz xoş və şirin keçsin. "Yom Kipur" bayram günlərinin finalıdır. "Yom Kipur"da oruc tutulur, hər kəs sinaqoqa gəlir və burada dualar oxunur".