Bir qeyri-qanuni miqrantın deportasiyası Böyük Britaniya hökumətinə 5 000 funt-sterlinqə (təxminən 6 760 dollar - red.) başa gəlir.
Oxu.Az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti Böyük Britaniya Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
2025-ci il fevralın 1-dən 2026-cı il yanvarın 31-dək Böyük Britaniyadan çarter təyyarələri ilə ümumilikdə 2 835 miqrant ölkədən çıxarılıb. Nazirlik göstərilən müddətdə ümumilikdə 74 təyyarə icarəyə götürüb və hər uçuş təxminən 186 000 funt-sterlinqə (təxminən 251 485 dollar - red.) başa gəlib. Beləliklə, hava nəqliyyatı ilə deportasiyaya ümumi xərclər 13.8 milyon funt-sterlinq (təxminən 18,6 milyon dollar - red.) təşkil edib ki, bu da nəşrin hesablamalarına görə, adambaşına təxminən 5 000 funt-sterlinq (təxminən 6 760 dollar - red.) deməkdir.
Qəzetin məlumatına görə, deportasiyalardan biri London üçün onminlərlə funt-sterlinqə başa gəlib. Belə ki, yanvarın 7-də deportasiya edilən miqrantın səhhəti ilə əlaqədar onun Fransaya aparılması üçün ayrıca təyyarə icarəyə götürmək lazım gəlib.
Kölgə kabinetinin daxili işlər naziri Kris Filp hesab edir ki, bir miqrantın deportasiyasının bu qədər baha başa gəlməsi sistemin səmərəsiz işlədiyini göstərir və onların müntəzəm reyslərlə göndərilməsinə çağırır.
Böyük Britaniya ötən il ən çox miqrantı Albaniyaya deportasiya edib. Ümumilikdə 42 təyyarə 1 810 alban qanunsuz miqrantı vətəninə aparıb. Sonrakı yerlərdə 329 nəfərin qaytarıldığı Rumıniya və 282 qeyri-qanuni miqrantın geri göndərildiyi Fransa qərarlaşıb.