Müasir dövrün ən bahalı xəyanəti 250 milyard dollara başa gələ bilər. Söhbət "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın Çin kəşfiyyatı ilə əlaqədə olmaqda şübhəli bilinən iş qadını ilə münasibətindən gedir.
Oxu.Az "Baza" "Telegram" kanalına istinadən xəbər verir ki, texnologiya nəhənginin səhmləri ilkin hərraclarda təxminən 5% ucuzlaşıb.
63 yaşlı "Nvidia" rəhbəri Censen Huanqın Çinli iş qadını Elis Huanqla yaxın münasibətdə olduğu bildirilir. ABŞ-nin xüsusi xidmət orqanları qadını Çin kəşfiyyatı üçün işləməkdə və məxfi məlumatlar toplamaqda şübhəli bilirlər. O, daha əvvəl Sinqapurun "Megaspeed" şirkətində çalışıb. Həmin şirkət süni intellekt çiplərinin Çinə tədarükü ilə bağlı ABŞ-nin tətbiq etdiyi məhdudiyyətlərdən yayınmaqda şübhəli bilinirdi.
Məlumatların yayılmasından sonra Huanqın 17 yaşından tanıdığı həyat yoldaşına xəyanət etdiyini etiraf etdiyi bildirilir. Onlar 40 ildən çoxdur evlidirlər. Şirkət rəhbəri ailəsindən və əməkdaşlarından üzr istəyib. "Nvidia"nın direktorlar şurası isə məxfi texnologiyaların mümkün sızması ilə bağlı müstəqil araşdırmaya başlayıb.
ABŞ Nümayəndələr Palatasının üç komitəsi Çin kəşfiyyatının Amerika texnologiyalarına çıxış əldə edib-etmədiyini aydınlaşdırmaq məqsədilə Huanqdan noyabrın 18-də keçiriləcək qapalı brifinqdə iştirak etməsini tələb edib.
Araşdırma fonunda təxminən 4.5 trilyon dollar dəyərində qiymətləndirilən "Nvidia" şirkətinin rəhbəri Huanqın gələcək taleyi də sual altına düşüb. Noyabrın 9-da ilkin hərraclarda səhmlərin təxminən 5% ucuzlaşması şirkətin bazar dəyərinin təqribən 250 milyard dollar azalması riskini yaradıb.
"Nvidia" bəyan edib ki, hazırda kommersiya sirlərinin və ya ABŞ-nin milli təhlükəsizliyinin təhlükə altında olduğunu düşünmək üçün əsas yoxdur. Huanq vəzifəsində qalır, Çin isə casusluq ittihamlarını rədd edir.