Türkiyədə yayımlanan "Kim Milyoner Olmak İster?" yarışmasının son buraxılışında 19 yaşlı Nüsran Gül Gidenin həyat hekayəsi həm tamaşaçıları, həm də studiyadakıları duyğulandırıb.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, gənc yarışmaçı uşaqlıq illərində fiziki və psixoloji zorakılığa məruz qaldığını, 15 yaşında uşaq evinə göndərildiyini və daha sonra İstanbulda müstəqil həyat qurduğunu danışıb.
Nüsran bildirib ki, valideynləri ayrıldıqdan sonra anası ilə Antalyada yaşamağa başlayıb. Lakin onun uşaqlığı sakit ailə mühitində keçməyib. O, anası tərəfindən fiziki və psixoloji zorakılığa məruz qaldığını, yaşadığı hadisələrə görə uzun müddət özünü günahlandırdığını söyləyib.
Gənc qız bir kasa şorbanın son qaşığını içmədiyinə görə ayağına çəngəl batırıldığını danışarkən studiyada duyğulu anlar yaşanıb. Aparıcı Cem Öğretir də kövrələrək yerindən qalxıb, yarışmaçının yanına gedərək onun əlindən tutub.
Nüsran 15 yaşında olarkən baş verən mübahisədən sonra anası ilə birlikdə polis bölməsinə aparıldığını, daha sonra isə uşaq evinə göndərildiyini söyləyib:
"Anamla qalmaq istəmədim, o da mənimlə qalmaq istəmədi. Məni uşaq evinə göndərdi".
Bundan sonra həyatında yeni səhifə açan Nüsran İstanbula köçərək müstəqil həyat qurmağa başlayıb. O, həyatının bu yeni mərhələsinin başlanğıcı kimi 2022-ci il iyulun 3-nü göstərib. Gənc qız atası ilə yenidən əlaqə saxladığını və ondan dəstək aldığını, atasının həyat yoldaşı Sehra Gidenin də onun həyatında mühüm yer tutduğunu bildirib.
İstanbulda ilk dəfə çörək sexində satıcı kimi işə başlayan Nüsran daha sonra müxtəlif kafelərdə çalışıb. Hazırda isə restoranda ofisiant işləyir. Təxminən il yarım əvvəl öz evinə köçən gənc yarışmaçı iki pişiyi ilə birlikdə yaşayır.
Həyat hekayəsini danışdıqdan sonra yarışmaya davam edən Nüsran bir milyon lirəlik (33 500 manat) suala qədər irəliləyib. Lakin 12-ci suala yanlış cavab verərək yarışmanı 300 min türk lirəsi (10 050 manat) mükafatla başa vurub.