"AD Scientific Index"in 2027-ci il üçün hazırladığı dünyanın ən yaxşı 100 qadın aliminin siyahısı açıqlanıb. 28 ölkədən alimlərin yer aldığı reytinqə Türkiyədən dörd alim daxil olub. Ankara Universitetinin professoru Hatice Duran Yılmaz isə siyahıda 10-cu yeri tutub.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, alimlərin akademik göstəricilərini və elmi nəşrlərinin təsirini qiymətləndirən "AD Scientific Index" beynəlxalq reytinq platforması "Dünyanın ən yaxşı 100 qadın alimi" hesabatının 2027-ci il buraxılışını yayımlayıb.
Noyabrın 12-nə olan məlumatlara əsasən, reytinq 221 ölkədən 6 milyon 343 min 643 alimin göstəriciləri əsasında hazırlanıb. Ümumi reytinqdə 24 871 elmi müəssisə təmsil olunur.
Qiymətləndirmə zamanı alimlərin uzunmüddətli akademik nailiyyətləri və son dövrdəki elmi fəaliyyətlərinin təsiri nəzərə alınıb. Bunun üçün ümumi və cari H-indeks göstəricilərindən istifadə edilib.
Siyahıda yer alan 100 qadın alim 28 ölkəni və 76 elmi müəssisəni təmsil edir. Onların orta H-indeksi 244,6 təşkil edir. Bu alimlərdən 10-u "AD Scientific Index"in ümumi dünya reytinqində ilk 100-lükdə, 25-i ilk 200-lükdə, 70-i isə ilk 500-lükdə qərarlaşıb.
Türkiyədən siyahıya Ankara Universitetindən Hatice Duran Yılmaz (10-cu yer), Çukurova Universitetindən Aysel Kayış Topaksu (29-cu yer), Adıyaman Universitetindən Deniz Sunar Çerci (50-ci yer) və Çukurova Universitetindən Gülsen Önengüt (73-cü yer) daxil olublar.