Banqladeşin keçmiş baş naziri Şeyx Hasina edam təhlükəsinə baxmayaraq, dekabr ayında ölkəsinə qayıtmaq niyyətində olduğunu açıqlayıb.
Oxu.Az xəbər verir ki, o, bu barədə "AFP" nəşrinə müsahibəsində danışıb.
Şeyx Hasina riskləri dərk etdiyini, lakin vətənə qayıtmaq qərarına gəldiyini bildirib.
Onun 15 illik hakimiyyətinə son qoyan tələbə etirazlarından sonra Şeyx Hasina 2024-cü ilin avqustunda Hindistana gedib. Həmin vaxtdan bəri Banqladeşdən kənarda yaşayır.
Ötən il Banqladeş məhkəməsi Hasinanı qiyabi olaraq edam cəzasına məhkum edib. O, etirazların zorakılıqla yatırılması zamanı törədilən insanlığa qarşı cinayətlərdə təqsirli bilinib.
Banqladeş hakimiyyəti bir neçə gün əvvəl bəyan edib ki, Hasina ölkəyə qayıdacağı təqdirdə edam edilə bilər. Apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş müddət ötürüldüyündən onun hökmdən şikayət etmək hüququnu da itirdiyi bildirilib.
79 yaşlı siyasətçi məhkəmə prosesinin qanuniliyini dəfələrlə şübhə altına alıb. Onun sözlərinə görə, barəsində korrupsiya ittihamları da daxil olmaqla, 600-dən çox saxta cinayət işi açılıb.
Dəkkə Hindistandan Hasinanın ekstradisiyasını tələb edib. Hindistan tərəfi isə müraciətə qanunvericiliyə uyğun qaydada baxıldığını bildirib.
Hasina ölkəsinə qayıtmaq üçün Hindistandan kömək istəmək niyyətində olmadığını, çünki könüllü şəkildə geri dönməyi planlaşdırdığını qeyd edib.
O, həmçinin hakimiyyətin ittiham etdiyi kimi, son vaxtlar baş verən "Molotov" kokteyli hücumlarında özünün "Avami Liqası" partiyasının iştirakının olduğunu təkzib edib.
Hasinanın sözlərinə görə, vəkilləri Banqladeş pasportu və milli şəxsiyyət vəsiqəsi almaq üçün Nyu-Delhidəki Banqladeş diplomatik nümayəndəliyinə müraciət ediblər.