Hindistanda casusluqla bağlı qalmaqal baş verib. Ölkənin Hərbi Hava Qüvvələrinin zabiti intim şəkillər müqabilində Pakistan agentinə məxfi hərbi sənədlər ötürməkdə ittiham olunur.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Times of India" nəşri məlumat verir.

Dehli polisinin məlumatına görə, hərbçi Pakistan kəşfiyyatının əməkdaşı olduğu ehtimal edilən qadın ilə "WhatsApp" vasitəsilə əlaqə saxlayıb. Açıq-saçıq şəkil aldıqdan sonra o, üzərində "gizli hərbi plan" işarəsi olan sənədin səhifəsini göndərib və mübadiləni "bir səhifəyə bir şəkil" prinsipi əsasında davam etdirmək təklifini səsləndirib.
İstintaq müəyyən edib ki, zabit Hindistanın hərbi planları, Lex aviabazasının operativ (əməliyyat) imkanları, döyüş təyyarələrinin yerləşdirilməsi, eləcə də gizli PUA (pilotsuz uçuş aparatı - dron) bölməsinin strukturu və potensialı haqqında məlumatları açıqlayıb. Hərbçi saxlanılıb.