Azərbaycanlı atçı Aydın Əlibəyov Moskvada keçirilən beynəlxalq turnirdə uğurlu nəticə göstərib.
Oxu.Az xəbər verir ki, həmyerlimiz "Vivat Rossiya" atçılıq mərkəzində təşkil olunan dressaj yarışında dörd cavan atla çıxış edərək bir neçə dəfə fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Atçılıq Federasiyasının məlumatına görə, yarışların ilk günündə 4 yaşlı atların mübarizəsində "Virakoça S" 92 faiz nəticə ilə birinci, "Belle Fleur" isə 84.4 faiz göstərici ilə üçüncü yeri tutub.
5 yaşlı atların yarışında isə "Roxuş" 83.6 faiz nəticə ilə qalib olub. "Dancing Rose" 82.2 faiz göstərici ilə ikinci yeri tutub.
İkinci yarış günündə də Aydın Əlibəyovun atları uğurlu çıxış edib. 4 yaşlı atlar arasında "Virakoça S" 91 faizlə birinci, "Belle Fleur" 83.6 faizlə üçüncü olub. 5 yaşlıların mübarizəsində "Dancing Rose" 83.4 faizlə gümüş, "Roxuş" isə 81.6 faizlə bürünc medal qazanıb.
Beləliklə, iki günün yekununda Aydın Əlibəyov həm fərdi yarışlarda, həm də mütləq hesabda turnirin qalibi adını qazanıb.