"İqlim proqramlarının maliyyələşdirilməsi müvafiq tədbirlərin həyata keçirilməsinin əsas şərtidir".
Oxu.Az xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) iştirakçılarına videomüraciətində bildirib.
O qeyd edib ki, Azərbaycanda keçirilən COP29-da ölkələr iqlim maliyyələşdirilməsi sahəsində əhəmiyyətli irəliləyişə nail olublar:
"Bütün iştirakçılara 2035-ci ilə qədər iqlim maliyyəsini hər il ən azı 1.3 trilyon dollara qədər artırmaq çağırışı ilə yanaşı, iqlim maliyyəsi sahəsində yeni qlobal məqsəd - 2035-ci ilə qədər ildə 300 milyard dolların ayrılması razılaşdırılıb".
S.Stilin sözlərinə görə, həmin vaxt iqlim maliyyələşdirilməsinin 2035-ci ilə qədər ildə 1.3 trilyon dollara qədər artırılmasına yönəlmiş "Bakıdan Belenə Yol Xəritəsi" işə salınıb.
O bildirib ki, təmiz enerjiyə yatırılan investisiyalar artıq ildə 2 trilyon dolları ötür. Bərpaolunan enerji mənbələri isə kömürü geridə qoyaraq dünyada ən böyük elektrik mənbəyinə çevrilib.