"Azərbaycanla indiyə qədər şəhərsalma və tikinti sahəsində bir çox əməkdaşlığımız olub. Bu əməkdaşlığı daha da irəli aparmağı planlaşdırırıq".
Bu fikirləri Oxu.Az-a açıqlamasında COP31-in vitse-prezidenti, Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi nazirinin müavini Fatma Varank deyib.
O qeyd edib ki, xüsusilə 2023-cü ildə Türkiyədə baş verən zəlzələ fəlakətində Azərbaycan ilk dəstək göstərən ölkə olub:
"İlk yanımıza qaçan qardaşımız idi. Azərbaycan hökuməti Kahramanmaraşda bir "Azərbaycan Məhəlləsi" inşa edərək təhvil verdi. Hazırda orada qadınlar, uşaqlar, yaşlılar tam hüzur içərisində yaşayırlar. Həmin məhəllənin məktəbi var, mədəniyyət mərkəzi var. Həqiqətən də Kahramanmaraşa dəyər qatan bir layihə idi".
Nazir müavini sözlərinə belə davam edib:
"Azərbaycanla birgə binalarda enerji səmərəliliyi və bir çox qanuni tənzimləmələr üzərində çalışırıq. Həmçinin tikinti sahəsində də bundan sonra çox daha irəli aparacaq addımları mütləq atacağıq.
Hər iki hökumət olaraq biz onsuz da "iki dövlət, bir millət" anlayışı ilə hərəkət edirik. Xüsusilə sosial mənzil sahəsində bundan sonrakı çalışmalarımızın sürətlənəcəyinə inanıram. Bu istiqamətdə də çalışmalarımız davam edir".