Bakıda fəaliyyət göstərən "Mangal Steak House" restoranının təsisçisi Azər Əsgərova qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Vüsal Amus-Təbrizinin cinayət işi üzrə məhkəməsi başlayıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilənə ittiham aktını elan edib.
İttiham aktında göstərilib ki, "Mangal Steak House"un təsisçisi Azər Əsgərov 1986-cı il təvəllüdlü Vüsal Amus-Təbrizini tanışı Elnarə Təhmazovanın sürücüsü vəzifəsinə təyin edib. Sonradan tanışının gündəlik məişət və avtomobillə bağlı zəruri xərclərinin restoranın kassasından qarşılanması barədə təqsirləndirilən şəxsə tapşırıq verilib.
İstintaq materiallarına əsasən, 2023-cü ilin sentyabrından 2025-ci ilin oktyabrınadək müxtəlif vaxtlarda kassadan hissə-hissə, ümumilikdə 266 min manat götürülüb.
İttihama görə, həmin məbləğin 79 min 879 manatı təyinatı üzrə istifadə edilsə də, qalan 186 min 578 manatı vahid aldatma yolu ilə ələ keçirilib. Nəticədə zərərçəkmiş Azər Əsgərova külli miqdarda maddi ziyan vurulub.
Bununla da Vüsal Amus-Təbriziyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb.
Məhkəmədə ifadə verən Vüsal Amus-Təbrizi ona qarşı elan edilən ittihamla özünü qismən təqsirli bilib.
Növbəti baxış iclası dekabrın 10-na təyin edilib.
Elgün Həsənli