Dələduzluq etməkdə təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunaraq Namizəd Səfərov 7 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilənin 8 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Xatırladaq ki, ittihama görə, keçmiş vəkil Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir. O, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırmaqla külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyinə görə vətəndaş polisə müraciət edib.
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, Namizəd Səfərovun 72 yaşı var.
Elgün Həsənli