Baş vermiş qəza ilə bağlı DYP açıqlama verib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Oxu.Az-a bildirib ki, qəza törədən şəxs polis əməkdaşı deyil.
V.Əsədovun sözlərinə görə, hadisə ilə bağlı araşdırma aparılıb.
“Sürücünün kimliyi müəyyənləşib. Həmin sürücü polis əməkdaşı deyil. Bu, yanlış informasiyadır”.
09.20
Gecə Bakının Səbail rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, qəza Neftçilər prospektində qeydə alınıb.
Qəzada 28 yaşlı Məmmədov Habil Valeh oğlu taksi kimi istifadə etdiyi “FIAT” markalı avtomobillə prospekt boyu hərəkətdə olarkən Kukla Teatrının yaxınlığında arxadan eyni istiqamətlə gələn “BMW” markalı avtomobil qəfildən onun avtomobilinə çırpılıb.
Zərbənin gücündən birinci nəqliyyat vasitəsi bir neçə defə yerində çevrilib. Nəticədə sürücü Habil Məmmədov hadisə yerində dünyasını dəyişib. Qəzada “BMW”nin sürücüsünün isə yüngül xəsarət aldığı deyilir.
Yol qəzasının baş verdiyi yerə Səbail RPİ-nin istintaqçıları dəvət olunub, hadisə yerində müayinələr aparılıb. Məlumata görə, “BMW”ni Akif adlı sürücü idarə edirmiş. Avtoqəzanın da həmin avtomaşının yüksək sürətlə idarə edilməsi səbəbindən yaşandığı ehtimal olunur.
Əraziyə gələn dostları Akifin Bakı şəhər Baş DYP İdarəsinin əməkdaşı olduğunu bildirib. Ancaq bu məlumatla bağlı sonradan Səbail RPİ-nin ərazidə olan müstəntiqi hər hansı bir məlumat verməyib.
Yol qəzasının təfərrüatları isə başlanılmış cinayət işi üzrə araşdırmaların yekununda bəlli olacaq.
E.Ə.
www.oxu.az