16 
Dek
2014
11:01
6
10
2318
Virtual karabakh

“Qanlı Yanvar”ın qan donduran görüntüləri ekranlaşdırılır - FOTO

16 Dek, 2014
11:01
2318

“Qanlı Yanvar”ın qan donduran görüntüləri ekranlaşdırılır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Film bir çox ölkədə nümayiş olunacaq, festivallarda iştirak edəcək.

Biz çəkiliş meydanına çatanda hava çoxdan qaralmışdı. Bir tərəfdə dayanmış hərbi texnika, digər tərəfdə isə köhnə maşınların ətrafında çatılmış ocağın tüstüsündə aparılan çəkilişlər həm insanı mənən qürurlandırır, həm də bir qədər vahimələndirirdi. Havanın soyuq və sazaqlı, yerin palçıq olmasına baxmayaraq, hamı iş başında idi. Axı, onlar 25 il bundan əvvəl xalqımızın tarixinə şərəfli bir gün kimi daxil olmuş 20 Yanvar hadisələrini özündə əks etdirən, bütöv bir milləti dünyada tanıdacaq “Qanlı Yanvar” bədii filmi üzərində işləyirdilər.

Abşeron rayonu Pirəkəşkül qəsəbəsindəki “N” saylı hərbi hissənin həyətində, açıq havada aparılan çəkilişləri izlədikcə bir daha düşünürsən ki, Azərbaycan xalqının müstəqillik tarixinin ana səhifəsinə çevrilmiş, yaddaşımıza Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsi poetik düşüncəmizdə, teatr səhnəmizdə, bədii-publisistikamızda bir-birindən maraqlı əsərlərlə əksini tapsa da, hələ də ekran həyatını yaşamayıb. Azərbaycan xalqının əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirəcək belə bir bədii filmin ekranlaşdırılması olduqca təqdirəlayiq hadisədir.

Vaxtın darlığına, havanın şıltaqlığına, yaradıcı heyətin gərgin iş rejiminə baxmayaraq, “Qanlı Yanvar” bədii filminin rejissoru Vahid Mustafayev jurnalistlərə müsahibə verməyə məmnuniyyətlə razı olur.

Son illərin kino həyatında böyük əks-səda doğurmuş “Xoca” filminin müəllifi və rejissoru kimi tanınan Vahid Mustafayev bildirdi ki, qarşımızda çox ağır və məsuliyyətli vəzifə dayanır. Çalışacağıq ki, bu vəzifənin öhdəsindən layiqincə gələk. Filmdəki 145 epizoddan 15-i ekranlaşdırılmayıb, qalanını yekunlaşdırmışıq. Bir sözlə, ümumilikdə iki bədii film həcmində, yəni 170 dəqiqəlik çəkiliş aparmışıq. Sözsüz ki, bu ekran əsəri bir bədii filmdən ibarət olacaq. Lakin biz əlimizdəki zəngin çəkiliş materiallarından istifadə edərək sonradan bunu serial formasında tamaşaçılara təqdim etmək niyyətindəyik.

O deyib ki, film yanvarın 19-dan 21-dək, yəni iki gün ərzində Bakıda baş verən qanlı hadisələrdən bəhs edir. Filmdə o dövrdə baş verən bütün ictimai, siyasi proseslər bədii şəkildə öz əksini tapıb. Reportaj janrında çəkilən filmdə tarixi sənədlərdən geniş istifadə olunub. Gördüyünüz kimi, hazırda yanvarın 19-dan 20-nə keçən gecə baş verən o qanlı hadisələri və döyüş səhnələrini ekranlaşdırırıq. “Qanlı Yanvar” filmində əsasən real hadisələr lentə alınır. Lakin ekran əsərinin süjet xətti demək olar ki, ümumilikdə sevgi, məhəbbət üzərində qurulub. Yəni, hər bir tamaşaçı burada öz məhəbbətini tapacaq. Filmdə əsas rolun ifaçısı Mehdi özünü əsl qəhrəman kimi göstərir. Belə ki, o, sevdiyi qızı itirdikdən sonra bu sevgini bütövlükdə Vətənə həsr edir və millətinin azadlıq mübarizəsinin önündə dayananlardan birinə çevrilir.

V.Mustafayev deyib ki, filmin çəkilişində beynəlmiləl kollektiv iştirak edir. Burada Azərbaycan ilə yanaşı, Amerika, İran, rus və türk aktyorları birgə çalışırlar. Belə ki, 20 Yanvar hadisələrinin 25-ci ildönümünə həsr olunmuş “Qanlı Yanvar” filminin çəkilişində dünya şöhrətli amerikalı aktyor Lane Devies, türk kinosunun canlı əfsanəsi Nəbahət Çehrə, habelə İrandan dəvət olunmuş tanınmış kinooperator Afşin Əlizadənin başçılıq etdiyi çəkiliş qrupu və yerli azərbaycanlılardan ibarət heyət iştirak edir. Bu, onunla bağlıdır ki, çəkdiyimiz mövzu, məhz Azərbaycana yox, bütün dünyaya çox tanış və doğma olan bir mövzudur. Filmdə bu beynəlmiləl kollektivin iştirakı sözsüz ki, ekran əsərini Azərbaycan çərçivəsindən çıxarıb, beynəlxalq səviyyəyə qaldırır. Film bir çox ölkədə nümayiş olunacaq, festivallarda iştirak edəcək.

Filmin çəkilişlərinə yaradılan şəraitə görə Prezident İlham Əliyevə bütün heyət adından minnətdarlığını bildirən Vahid Mustafayev diqqətə çatdırıb ki, bu ekran əsəri bir çox xarici dillərə tərcümə olunaraq geniş coğrafiyada yayımlanacaq.

Gələn il yanvarın 19-da filmin jurnalistlər üçün təqdimatını keçirmək niyyətində olduqlarını söyləyən rejissor bir gün sonra isə ekran əsərinin geniş ictimaiyyətə təqdim ediləcəyini bildirib (azertag.az).

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri