24 
İyl
2015
16:34
68
11
7741
Virtual karabakh

DJ Fateh: Kino komediya janrı ilə dirçəlir – MÜSAHİBƏ + FOTOSESSİYA

“Yaradıcılıq ambisiyalarından başqa, tamaşaçının maraqları da nəzərə alınmalıdır”.

Bakıda yeni komediya filminin çəkilişləri gedir. Filmin ssenarisi İ.Qasımov, T.Sevdimalı və bizi filmin çəkiliş meydanında səmimi qarşılayan DJ Fateh tərəfindən yazılıb. Filmin baş rejissoru İlham Qasımovdur.

Oxu.Az “Oğlan evi, və ya Azərbaycansayağı qarət” filminin çəkiliş meydanından, ssenari müəlliflərindən biri Dj Fateh ilə müsahibəni təqdim edir.

- Film “Oğlan evi, və ya Azərbaycansayağı qarət” adlanır. Siz ən maraqlı zamanda gəlmisiniz – biz filmin ilkin çəkilişlərini edirik, amma son səhnədən başlamışıq. Bu, film boyu bizim ən kütləvi səhnə çəkilişimizdir, səhnədə 120 aktyor iştirak edir. Onların bir hissəsi artıq hazırdır, digərləri isə hazırlanırlar.

- Bəs çəkilişlərə niyə son səhnədən başlamısız?

- İş ondadır ki, çəkiliş məkanları əlçatanlığına görə planlaşdırılır. Məsələn, toy səhnələri əsasən Ramazan ayının son günlərinə təsadüf etdi, məhz bu günlərdə şadlıq evlərində toy mərasimləri keçirilmir.

- İdeya kimə məxsusdur?

- Filmin ssenarisi İlham Qasımov, Tural Sevdimalı və mənim tərəfimdən yazılıb. Filmin rejissoru İlham Qasımovdur. Layihənin baş prodüseri də İ.Qasımovdur. “Oğlan evi, və ya Azərbaycansayağı qarət” filmi üzərində beynəlxalq komanda çalışır: rejissorun asistenti, rəssamlar, fokus-puler Ukraynadan dəvət edilib, operator Mixail Xarçenko ABŞ-dan gəlib. Eləcə də film çərçivəsində biz “Odin v Odin” layihəsinin qrimçiləri ilə əməkdaşlıq etmişik. Filmin aktyorlarını necə qrimlədiklərini isə filmə baxarkən biləcəksiniz. Məncə bu, filmin ən maraqlı səhnələrindəndir.

- Aktyor tərkibi?

- Filmdə həm gənclər, həm də tamaşaçılara artıq tanış olan aktyorlar iştirak edirlər. Baş rolları Fərda Xudaverdiyev, Elcan Rəsulov və İslam Mehrəliyev ifa edirlər.

- Filmin janrı və süjet xətti haqqında danışardınız.

- “Oğlan evi, və ya Azərbaycansayağı qarət” kinokomediyadır. Süjet xətti haqqında yalnız onu deyəcəm ki, bu, azərbaycanlı biznesmenin fırıldaqçılığından zərər çəkən və ondan intiqam almaq qərarına gələn üç gənc haqqındadır.

- Filmin çəkilişləri nə qədər çəkəcək?

- Təqvim-quruluş planına müvafiq olaraq, çəkilişlər istirahət günləri də daxil olmaqla 40 gün çəkəcək. Bu prosesə İlham Qasımovun işə həvəs və inadla yanaşması təkan verir. Həm də ətrafına yaxşıların yaxşılarını yığıb.  

- Bu, sizin ilk ssenarinizdir?

- Bəli, film üçün ssenari ilk dəfə idi ki, yazırdıq. “Oğlan evi”nin ssenarisi istirahət günləri və bayramlar da daxil olmaqla gündəlik görüşlər nəticəsində beş aya yazılıb. Buna qədər Tural ilə buna bənzər iş görmüşdük, amma həmin işlərin həcmi tammetrajlı filmlərdən seçilirdi. Etiraf etmək lazımdır ki, İlhamla bir komandada işləmək uğurdur, onun zəngin rejissor təcrübəsi, iş haqqında geniş məlumatının olması çox yardım etdi.

- Komediyadan başlamanız sevindirici haldır, niyə məhz bu janrı seçdiniz?

- Bütün dünyada kino komediya janrı ilə dirçəlir. Qoy bu tamaşaçıları qorxutmasın. Tural Sevdimalı və İlham Qasımovun zəngin KVN keçmişi var, onların başqa janrda film çəkmələri qəribə olardı.

- Kinonun komediya janrı ilə dirçəlməsi qanunauyğunluğu nə ilə əlaqədardır?

- Yaradıcılıq ambisiyalarından başqa tamaşaçının maraqları da nəzərə alınmalıdır. İndi bazarda komediya janrı daha çox populyardır. Dram əsəri hazırlıq üçün daha çox zaman və resurs tələb edir.

- Hazır materialın işlənməsi, montajı harda aparılacaq?

- Filmin post-production-u qismən Azərbaycanda və qismən də xaricdə olacaq. Məsələn, rəng-korreksiyası ABŞ-da yerinə yetiriləcək.

- Biz tamaşaçılar yalnız aktyorları görürük, səhnələrini dönə-dönə xatırladığımız filmin ərsəyə gəlməsində böyük əməyi olan, amma kadr arxasında qalan insanlar var...

- Bəli. Hər gün çəkiliş meydançasında aktyorlardan başqa əllidən artıq adam işləyir. Bu, böyük texniki və yaradıcı komandadır. Məsələn, mən sizi Jalə xanımla tanış etmək istəyirəm, o qrim və kostyumla işləyən qrupun rəhbəridir. O, bu gün 120-yə yaxın adamı geyindirib və qrimləyib.

- Filmin premyerası nə vaxta planlaşdırılıb?

- Avqust ayının ilk günlərində filmin çəkilişləri başa çatacaq. Daha sonra post-production işləri başlayacaq. Bu ilin dekabr ayında tamaşaçılar “Oğlan evi, və ya Azərbaycansayağı qarət” filminin nədən bəhs etdiyini öyrənəcəklər.

- Maraqlı söhbət üçün təşəkkür edirəm. Sizə uğurlar arzulayırıq, premyeranı səbirsizliklə gözləyirik.

Səbinə Səmidxan
Foto: Nüsrət Abdullayev

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri