24 
Apr
2017
17:52
130
24
3932
Virtual karabakh

Tanınmış ekspert “exchange”lərin bərpası məsələsinə münasibət bildirib

24 Apr, 2017
17:52
3932

Tanınmış ekspert “exchange”lərin bərpası məsələsinə münasibət bildirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Valyutadəyişmə məntəqələri yenidən fəaliyyətə başlayacaq.

Artıq Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsində valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyətə başlaması barədə ümumi razılıq əldə olunub.

Valyutadəyişmə məntəqələri ləğv ediləndə hökumət “qara bazar”ı aradan qaldırmağı planlasa da, bunun əksi baş verdi.

Oxu.Az xəbər verir ki, valyutadəyişmə məntəqələrinin ləğvinin fəsadları və fəaliyyətə başlayacağının faydaları barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov Ölkə.Az-a danışıb:

“Əslində valyutadəyişmə məntəqələrinin bağlanmasına ehtiyac yox idi. Valyutadəyişmə məntəqələri bağlanandan sonra dövlət orqanlarına müraciət etdik, valyutadəyişmə məntəqələrinin yenidən açılmasını təklif etdik. 

Valyutadəyişmə məntəqələrinin bağlanması əslində o zaman hədəflərə çatmağa imkan vermədi. Bu məntəqələrin “qara bazar” yaratdığı, manatın məzənnəsinə təsir göstərdiyi arqument kimi göstərilərək onların fəaliyyətinə xitam verildi. Əslində isə valyutadəyişmə məntəqələri bağlandıqdan sonra “qara bazar” yarandı və genişləndi. 

“Qara bazar” valyutadəyişmə məntəqələri fəaliyyət göstərən zaman daha kiçik idi, nəinki valyutadəyişmə məntəqələri ləğv ediləndən sonra. Valyutadəyişmə məntəqələrinin olmaması “qara bazar”ın inkişafına gətirib çıxardı. 

Digər baxımdan, valyutadəyişmə məntəqələrinin işləməsi 6000 iş yeri demək idi. 6000 vətəndaşımız orada çalışırdı. 6000 iş yerinin açılması kifayət qədər zaman və investisiya tələb edir. Sadəcə bir qərarla həmin 6000 iş yeri praktiki baxımdan ləğv olundu. O baxımdan valyutadəyişmə məntəqələrinin bərpasına ehtiyac var idi”.

Valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyətə başlamasının nəyə gətirib çıxaracağı barədə danışan iqtisadçı ekspert bildirdi ki, valyutadəyişmə məntəqələri rəqabət yaradacaq:

“Bankların alış və satış kursu arasında fərq var idi. Fevral ayının əvvəllərində manat möhkəmlənməyə başlayanda manatın və ya dolların alış kursu ilə satış kursu arasında hər 100 dollarda təxminən 20 manat fərq var idi. 

Bu ona görə baş verirdi ki, rəqabət yox idi. Banklar dolları ucuz qiymətə alıb, baha qiymətə satırdı. Burada itirən vətəndaş, qazanan isə banklar idi. Bu baxımdan valyutadəyişmə məntəqələrinin fəaliyyətinə ehtiyac var idi. Çünki valyutadəyişmə məntəqələrinin fəaliyyəti valyuta dəyişmə sahəsində rəqabətin yaranmasına imkan verəcək.

Artıq alış və satış arasındakı fərq xeyli kiçiləcək. Nə qədər qəribə olsa da belə həmişə “qara bazar”ın məzənnəsi bankların məzənnəsindən daha yaxşı olub. 

“Qara bazar”da alış-satış kursu arasında fərq banklara nisbətən daha az olub. “Qara bazar” qeyri-leqaldır, banklar isə leqal. Ancaq qeyri-leqal fəaliyyət göstərən bazar leqal fəaliyyət göstərən bazardan daha uyğun kurslar təklif edir. Bunun səbəbi də rəqabətin olmaması idi.
Valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyəti imkan verəcək ki, insanlar asan, sərbəst şəkildə - şənbə, bazar, bayram günlərinə baxmadan gedib pullarını dəyişə bilsinlər. 

Bundan əlavə, valyutadəyişmə məntəqələrinin bərpası iş yerləri deməkdir. Valyutadəyişmə məntəqələri ləğv edilən zaman orada işləyənlərin əksəriyyəti “qara bazar”da fəaliyyət göstərirdilər. Artıq onlar valyutadəyişmə məntəqələrinə qayıdacaqlar, leqal şəkildə fəaliyyət göstərəcəklər.

Həm məşğulluğu, həm bazarda rəqabəti, həm də vətəndaşların və turistlərin asan və sərbəst şəkildə öz valyutalarını dəyişə bilməsini nəzərə alsaq, valyutadəyişmə məntəqələrinin bərpasına ehtiyac var idi. Əslində bunu daha tez etmək lazım idi. Daha doğrusu, valyutadəyişmə məntəqələri ləğv edilməməli idi”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri