Apr
2014
13:40
124
12
21165
Virtual karabakh

Elnur Abdullayev: Küçələrdə avtomobillərin orta sürət həddi artıb – MÜSAHİBƏ

7 Apr, 2014
13:40
21165

Elnur Abdullayev: Küçələrdə avtomobillərin orta sürət həddi artıb – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Nəqliyyatı intellektual idarəetmə sisteminin təkmilləşdirilməsi, inkişaf etdirilməsi istiqamətində işlər görülməkdədir”.

Oxu.Az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) baş direktoru Elnur AbdullayevinAPA-Economics”ə müsahibəsini təqdim edir.

- Əvvəlki müsahibələrinizdə qeyd etmişdiniz ki, İntellektual Nəqliyyat Sisteminin 3 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Sistemin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində hansı işlər görülüb?

- Sistemin təkmilləşdirilməsi və genişləndirilməsinin I mərhələsi artıq yekunlaşıb, II və III mərhələlərlə bağlı müəyyən işlər aparılıb. I Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi ilə əlaqədar biz II mərhələni 2 etapa bölmüşük. I etapda olimpiadanın keçirilməsi ilə bağlı İntellektual Nəqliyyat Sisteminin təkmilləşdirilməsi işləri aparılacaq. Əsas gücümüzü bu istiqamətdə sərf edəcəyik.

- I Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə əlaqədar nəqliyyat məsələləri üzrə NİİM-də qərargahın yaradılması və onun fəaliyyətinin təmin edilməsi istiqamətində hansı addımlar atılır?

- Bu istiqamətdə keçən ilin ikinci yarısından başlayaraq bir çox işlər görülüb. Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun əmri ilə müvafiq işçi komissiyası yaradılıb və işçi qrupa nazirliyin tərkibində olan müvafiq qurumların rəhbərləri daxil edilib. Eyni zamanda Bakı şəhərində keçiriləcək I Avropa Olimpiya Oyunları üzrə Təşkilat Komitəsinin nəqliyyat məsələləri üzrə əməkdaşları ilə bir sıra görüşlər keçirilib. Əmrin müvafiq bəndinə uyğun olaraq NİİM-də xüsusi qərargah yaradılıb. Bununla əlaqədar qarşımızda qoyulan məsələlərin yerinə yetirilməsi istiqamətində Olimpiya Təşkilat Komitəsi ilə əlaqəli şəkildə çalışırıq.

- Paytaxt yollarında tıxacların qarşısının alınmasında Mərkəz hansı tədbirləri həyata keçirir?

- Bildiyiniz kimi, NİİM-in qarşısında duran əsas məqsədlərdən biri sərnişin və sürücülərin rahatlığının daha yüksək səviyyədə təşkili və nəqliyyatın sıx olduğu küçə və prospektlərdə hərəkətin tənzimlənməsidir. Bu məsələdə quraşdırılan yeni işıqforlar nəqliyyatın idarə edilməsini təmin edir və bununla da nəqliyyat axınlarının optimal hərəkəti tənzimlənmiş olur.

Məhz bu işıqforlar “yaşıl dalğa” effektini yaradaraq sıxlıq olan küçələrdə nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradır. Nəzərinizə çatdırım ki, NİİM fəaliyyətə başladığı gündən bu yeniliklər 28 May, Bakıxanov, Z.Əliyeva, Ü.Hacıbəyov və s. küçələrdə tətbiq olunub. Statistikaya əsasən, 2013-cü ilin mart  ayında Bakıxanov küçəsində avtomobillərin orta sürəti 40,2 km/saat, sayı 45 612 olduğu halda, 2014-cü il mart  ayı üzrə orta sürəti 46,4 km/saat, avtomobillərin sayı 46 149 olub.

Bu, sistemin fəaliyyətinin müsbət göstəricilərindən biridir. Həmçinin əsas yollarda hərəkətin sıxlığı ilə bağlı vəziyyət barədə və təmir-tikinti işləri səbəbindən bağlı olan yollar haqqında sürücülərə elektron rəqəmsal tablolar vasitəsilə fasiləsiz məlumat çatdırılır, onlara alternativ yollardan istifadə etmək imkanı yaradılır.

- Mobil proqram təminatında hansı yeniliklər var? Bu proqram təminatının işləmə prinsipi və funksiyaları barədə ətraflı məlumat verərdinizmi?

- NİİM sərnişinlərin və sürücülərin yollardakı hərəkətini rahatlaşdırmaq üçün mobil telefonlar üçün proqram təminatı istifadəyə verib. Baku İTS mobil proqram təminatı smartfonlar üçün nəzərdə tutulub və artıq iki ildir ki, smartfon marketlərinə yerləşdirilib, müvafiq olaraq da yükləmələr edilir.

Belə ki, proqram təminatını mobil telefonuna yükləmiş istifadəçi real vaxtda Bakının avtomobil yollarının vəziyyəti haqqında, paytaxtdakı avtobuslar, təmir-tikinti işləri aparılan yollar haqqında, elanlar və digər məlumatlar əldə edə bilər. Proqram təminatı tamamilə pulsuzdur və mobil marketlərdən yükləyərək istifadə edə bilərsiniz. Bu sistem üzərində daima təkmilləşdirmə işləri aparılır və bu haqda ictimaiyyətə mütəmadi olaraq məlumatlar verilir.

- Bir müddət öncə NİİM-in nəzdində 107.7 tezliyində yeni formatda yayıma başlayan “Avto FM” radiosunda bir neçə həftədir ki, şənbə günləri “Dispetçer” verilişi yayımlanır. Aidiyyəti qurumlar üzrə nümayəndələr, eləcə də NİİM-in mütəxəssisləri dinləyicilərin nəqliyyatla bağlı şikayət və təklifləri canlı efirdə cavablandırırlar. Bu verilişin dinləyicilər, xüsusən də sürücülər üçün əhəmiyyəti haqda fikirləriniz nədən ibarətdir?

- “Avto FM” radiosu artıq qeyd olunduğu kimi, bir neçə aydır əsas yayıma başlayıb və 107.7. FM tezliyində dinamik və hər zövqü oxşayacaq musiqilər, maarifləndirici və maraqlı verilişlər yayımlanır. Xüsusilə də nəqliyyat məsələləri ilə bağlı ən qaynar xəbərləri və yolda cari vəziyyət barədə ən dəqiq məlumatı dinləyicilər məhz “Avto FM”-i dinləməklə əldə edə bilərlər.

Bu verilişlər sırasında isə “Dispetçer” verilişini xüsusi qeyd etmək lazımdır. Hər həftənin şənbə günü günorta 15:00-dan 16:00-dək vətəndaşların birbaşa canlı yayımda şikayət və təklifləri dinlənilir, həm ictimai nəqliyyatla, beynəlxalq sərnişindaşımalarla, həm də yollardakı vəziyyətlə bağlı suallar, bizim Mərkəzin əməkdaşları, Bakı Sərnişin Nəqliyyatı Departamentinin və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin səlahiyyətli nümayəndələri tərəfindən cavablandırılır. Vətəndaşları ictimai nəqliyyat sferasında maraqlandıran bütün məsələlərə bu verilişdə aydınlıq gətirilir və fikrimizcə, efirdə bu tip verilişlərin olması vətəndaşlar üçün olduqca faydalıdır.

- NİİM-in gələcək planları haqda nə deyə bilərsiniz?

- NİİM-in kollektivi daima öz üzərində işləyir. Sistemin təkmilləşdirilməsi, inkişaf etdirilməsi istiqamətində işlər görülməkdədir. Aidiyyəti qurumlar, Daxili İşlər Nazirliyinin müvafiq qurumları, Respublika Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər Dövlət Yol Polis İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, “Azəryolservis” ASC və Nəqliyyat Nazirliyinin aidiyyəti mütəxəssisləri ilə əməkdaşlıq edilir, inkişaf planları, gələcək planlar müzakirə olunur. Sistemin 2015-ci ildə Bakıda keçiriləcək olimpiada dövründə də gücləndirilmiş iş rejimində çalışması üçün müəyyən işlər aparılır. Bununla əlaqədar qarşımızda qoyulan məsələlərin yerinə yetirilməsi istiqamətində Olimpiya Təşkilat Komitəsi ilə əlaqəli şəkildə çalışırıq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri