İyn
2017
17:26
370
23
14044
Virtual karabakh

Amerikanı vahiməyə salan Laçın: Bunu necə bacardığımıza özümüz də şübhə edirik – MÜSAHİBƏ + VİDEO + FOTO

Dünyanın ən reytinqli şoularından olan  “America's Got Talent”da nümayiş etdirdikləri təhlükəli çıxışları ilə Amerikanı şoka salan Hüseyn və Laçın Pəhləvanoğlu qardaşları ölkə mediasını zəbt ediblər. 

Oxu.Az-ın qardaşlardan biri - Laçın Pəhləvanoğlu ilə müsahibəsini təqdim edirik:

- Bu düzdürmü, siz qeyri-adi istedada görə 7 qat dünya rekordçularısınız?

- Bəli, rəsmi rekordçuyuq, həm də Ukrayna dünya Rekordlar Kitabına düşmüşük. Hazırda Ginnesə rəsmi namizədik.

- Hansısa hazırladığınız təhlükəli nömrələrdən uğursuz alınanı olub?

- Xeyr, heç biri uğursuz alınmayıb. Hətta elə nömrəmiz olub ki, sınaqdan keçirmədən birbaşa nümayiş etdirmişik. Yaxşı da alınıb. Biz başa düşürük ki, öz ölkəmizi başqa dövlətlərdə təmsil etmək böyük məsuliyyətdir. Ona görə hər zaman yaxşı çıxış etməyə çalışmışıq.

- Çox təhlükəli nömrələr göstərirsiniz. Səhnədə xəsarət almısınız?

- Çox şükür, elə bir şey olmayıb. Sağlamlığımızla bağlı heç bir narahatçılığımız yoxdu. Bizi Allah qoruyur!

- Gözünüzlə ağırlıq qaldırma nömrənizə baxmaq mümkün deyil. Ümid edirəm, gözləriniz salamatdır. Onu necə edirsiniz?

- Gözüm  salamatdı. Etdiklərimizi necə bacardığımıza özümüz də şübhə edirik (gülür). Allahın bəxş etdiyi istedaddır. 

Laçının ən vahiməli və təhlükəli nömrəsi 

- Çıxışlarınızda səhnəyə Azərbaycan bayrağı ilə çıxırsınız. Baxmaq imkanım olmayıb deyə soruşuram, Amerikada buna icazə verdilər? 

- Elə olub ki, səhnəyə bayrağımızla çıxmağımıza imkan verilmədikdə şoudan imtina etdiyimizi bildirmişik. Ukraynada bayrağımızla çıxmışdıq, efirə də verdilər. Amma Amerikada formata uyğun olmadığını əsas gətirib səhnəyə bayraqla çıxmağımıza icazə vermədilər. Orada etiraz etmədik. Çünki elə bir şouda iştirakımızın böyük bir uğur olduğunu düşünüb bu şərtlə razılaşdıq.

- Ümumiyyətlə, təşkilatçılar Azərbaycanı tanıyırdılar? Çox maraqlıdır, sizi azərbaycanlı kimi təqdim etdilər? 

- Bizimlə maraqlananlar çox idi. Haradan olduğumuzu soruşanda, bir az çətinlik çəkirdik. Azərbaycanı çox az insan tanıyırdı.

- Dəvətlər çox olurmu? Daha hansı şoulara dəvət gəlib?

- Biz hər yeni ildə bir neçə ölkələrə dəvət alırıq. 

- Bu səfərlərinizi kim maliyyələşdirir?

- Səfərlərimizin çoxu, lap elə son Amerika səfərimizi deyim, dostlarımızın, rəhmətlik atamızın yaxın dostlarının maddi dəstəyi ilə baş tutub. İnanın ki, bu qədər xaricdə olan uğurları çox çətinliklərlə qazanmışıq.

- Təəccüblüdür... Qubada yaşayırsınız, bəlkə, orada lazımi yerlərə müraciət edəsiniz?

- Dəfələrlə aidiyyəti qurumlara yazılı və şifahi müraciət etmişəm, ümid verən çoxdu, dəstək olan isə yoxdu. Yaxında rayon icra başçısı ilə görüşdük. Görüşümüzə peşman olduq, çox pərt olduq. Bizim uğurumuz hər bir Azərbaycan adını daşıyan insanın uğurudur, bunlar niyə belə soyuq yanaşır, bizdən uzaq qaçır? Başqa dövlətlərdə bizi böyük hörmətlə qarşılayırlar. Çox ölkələrdə hətta bizə “Azərbaycan robotları” deyə müraciət edirlər. Bayaq dediyim kimi, biz bu uğurları öz xərcimizlə, bizi sevən, dəstəkləyən insanların köməyilə əldə etmişik. Düzdür, dəvət edən ölkələr xərcləri qarşılayır, amma hamısını deyil.

Atam Dağıstanın xalq pəhləvanı olub, əmim Qəmbər  bütün ölkələrdə qədim milli sənətimizi, ölkəmizi təmsil edib, tanıdıb. Hazırda atamın adına 20 ildən yuxarıdır ki, gənclərı yetişdirib üzə çıxaran “Pəhləvan Əli” İdman Klubu fəaliyyət göstərir. Vəziyyətini görsəniz, şəxsən bir azərbaycanlı kimi sizə çox pis təsir edər.

- Vəziyyət bu qədərmi pisdir?

- 2014-cü ildə kredit götürüb Gürcüstana yarışa getdim. İndi bank məni məhkəməyə verib. Bir vətən oğlu kimi mənə təsir edir, biz vətənimizi, xalqımızı, dövlətimizi sevən insanlarıq. Vaxtaşırı şəhidlərimizin adına tədbirlər keçiririk, bu tip tədbirlərdə təmənnasız iştirak edirik. Çünki bu, bizim borcumuzdur, onlar bizə görə şəhidlik zirvəsinə ucalıblar. Biz də etdiklərimizi özümüz üçün etmirik, bu şoulardan pul qazanmırıq. Bizə puldan da üstünü orada Azərbaycan adını səsləndirməkdi. Rusiyada yaşayan azərbaycanlı iş adamı Vaqif Məmişova şəxsən təşəkkür edirik. Çox vətənpərvər insandı. Bizim Amerika uğurumuzda da əziyyəti var, bizə böyük qayğı, dəstək göstərdi. Bizə dövlətin dəstəyi, qayğısı lazımdır, çünki bu gün mən ailəmə ayırmadığım vaxtımı, enerjimi sənətimə ayırmışam. 

- “America's Got Talent”da çıxışınızdan xəbər tutanda elə bildik Amerikada yaşayırsınız. Başqa ölkəyə köçməyi düşünmürsünüz?

- Bir neçə ölkədən vətəndaşlıq təklifi gəlib, bir Azərbaycan oğlu kimi bunu özümüzə, sənətimizə yaraşdırıb qəbul etmədik. Axı biz pəhləvanıq, qürurumuz var. Bizə dövlətimiz dəstək olsa, Azərbaycan adına dünyaya sığmayan uğurlar qazana biləcək qədər hünərliyik. Vətən, xalq, dövlət üçün çox şey edərik, ancaq təkliyimiz bizə imkan vermir. Tək başımıza bunları etdik. Əgər bilsəniz, biz necə çətinlik çəkirik, vallah, bu əziyyətimizə yaraşdırmazsınız. Ən böyük dəstəyı, qayğını dövlət başçımızdan istəyirik. Biz inanırıq ki, dövlətimiz bizdən xəbər tutsa, qayğısını əsirgəməyəcək.

Hüseyn və Laçın qardaşlarının “America's Got Talent” şouda çıxışı

Zülfiyyə Qurbanova
www.oxu.az

Digər Müsahibə xəbərləri