Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rövşən Bayramov: İdmana təsadüfən gəlmişəm – MÜSAHİBƏ + FOTOSESSİYA
Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı güləşçi Rövşən Bayramovdur.
- Rövşən Bayramov necə biridir? Özün haqda bizə məlumat ver, zəhmət olmasa.
- 1987-ci ildə Bakıda anadan olmuşam, Binəqədidə böyümüşəm. Hər yay bibimgildə qalırdım, o qədər nadinc idim ki, bilmirdilər neyləsinlər. Bibim məni güləşə apardı ki, bəlkə idman mənə kömək edər. İdmana təsadüfən gəlmişəm. İdmana başlayanda 12 yaşım vardı. İlk müəllimim Güləhməd Hüseynov olub.
Mən idmana başlayanda valideynlərimin xəbəri yox idi. İdmana getdiyimi bilib sevindilər ki, bəlkə sakitləşərəm. Məktəbi Əmircanda, 248 nömrəli məktəbdə oxumuşam. Dərs oxumağı sevmirdim, ən çox sevdiyim şəkil çəkmək idi. Rəssamlığı sevirəm, bəlkə də idmanda olmasaydım rəssam olardım.
- İlk dəfə olimpiadada 2008-ci ildə iştirak elədin. 2-ci dəfə isə 2012 ci ildə, bu haqda danış.
- 2008-ci ildə ilk dəfə idi ki, iştirak edirdim, heç nə bilmirdim. Amma buna baxmayaraq hazırlaşdım, yeməklərimə fikir verdim, ən əsası bunlara bir ay boyunca riayət etməlisən.
Olimpiadaya hazırlaşmaq çətindir, ona qədər bir neçə mərhələdən keçirsən, artıq ondan sonra olimpiadada iştirak etmək üçün tam hazır olursan.
2-ci dəfə olimpiadaya gedəndə artıq təcrübəm vardı, qalib olmağı çox istəyirdim, amma olimpiya çempionu olmaq ürəyimdə qaldı.
- Buna nə səbəb oldu?
- Günah özümdə oldu əlbəttə. Görüşdüyüm idmançılar rus, amerikan, yapon, koreyalı, iranlı idmançılar idi. Əsas məqama kimi yaxşı gəlmişdim, amma balaca bir məsuliyyətsizlik bütün planı alt-üst edir.
- Hər kəs sənin qızıl medalla qayıdacağını düşünürdü.
- Elə özüm də bunu gözləyirdim. Sağ olsun hər kəs – məni dəstəkləyən insanlar var. Hər birinə təşəkkür edirəm, onların mənə dəstəyi çox önəmlidir. Amma təəssüf ki, alınmadı.
- 2016-ya fikrin varmı?
- Əlbəttə. Çox istəyirəm, hazırlaşıram, görək necə olacaq.
- Bir zamanlar idmandan getməyi düşünürdün. Buna səbəb nə idi?
- İnsan əziyyət çəkir, yorulur. Bu, daha çox psixoloji olur. Deməli, 2009-cu ildə Dünya çempionatında 3-cü oldum. Hiss edirdim ki, məndə nəsə var, alınmır, bəlkə uzaqlaşım, amma sonra çəkdiyin əziyyətə baxırsan və fikrindən dönürsən.
- Güləş necə idman növüdür?
- Maraqlı və həmçinin də çətindir. Bu idman növündə bütün idman növlərindən nə isə var. Asan deyil, çətindir və güc tələb edir.
- İyul ayında olacaq yarışa hazırlaşırsan?
- Bəli, iyul ayında Heydər Əliyevin adına qran-pri keçiriləcək. Bu yarışda iştirak edəcəm. 1 ildən çoxdur ki, yarışlara çıxmıram, məncə iştirak etsəm yaxşı olar.
- Səni idmana gəlməyə məcbur etməyiblər. Bəs sən oğluna məcbur edərsən, yoxsa özünün istəyinə qarışmayacaqsan?
- Yox, onu məcbur edə bilmərəm ki, idmanla məşğul olsun. Hansı işi, hansı peşəni istəsə onunla da məşğul olar, mən sadəcə ona dəstək ola bilərəm.
- İdmançı daha çox istirahət etməlidir. İstirahətin necə keçir?
- Demək olar ki, bizə istirahət günləri çox az olur, hər gün məşq olur. Ağır zədələrim olduğu üçün ağır məşqlər olmaz, bir müddət ağır məşqlərdən uzaq olmalıyam. Təbii ki, bu da zədələrim düzələnə kimidir. İstirahəti isə bağda ailəmlə keçirməyə üstünlük verirəm.
Nərmin Kazımova
www.oxu.az
Rəylər