Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Elnur Məmmədli: Uşaqlıqdan millətimi, dövlətimi sevən adam olmuşam – MÜSAHİBƏ
Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı cüdo üzrə Avropa çempionu, Dünya Çempionatının gümüş mükafatçısı, 2008-ci il Pekin Yay Olimpiya oyunlarının qalibi, Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədlidir.
- Elnur Məmmədli, yarışlardan, işdən-gücdən danışmamışdan öncə sənin harada böyüyüb, boya-başa çatmağından, məktəb illərindən, idmana ilk dəfə nə vaxt başladığından danışaq.
- Mən - Məmmədli Elnur 29.06.1988-ci ildə Bakıda anadan olmuşam, iki bacım, bir qardaşım var.
Uşaqlığım Bakıda keçib. Uşaqlıqda çox cılız uşaq olmuşam, 27 kq çəkim olub. İdmana başlayanda səkkiz yaşım var idi, mən anamın təkidi ilə, onun sayəsində idmana başladım.
O vaxtı Cüdo Respublika Məktəbi var idi, daha çox orada olurduq, həmin məktəb indi də var. Biz idmançılarla orada qalırdıq. Evimiz “28 may” metrosu yaxınlığında idi deyə hərdən uzaq olurdu, qışda daha çox qalırdım. Həmin məktəbin yetirməsiyəm.
- Hansı idmançıyla elə o vaxtdan tanışsız?
- Məsələn, Nicat Şıxəlizadəni deyə bilərəm. Onunla o vaxtdan, uşaqlıqdan bir yerdəyik, həmişə yarışla bağlı, hansısa ölkəyə gedəndə bir yerdə qalırdıq, yəni daha çox onunla bir yerdə olmuşuq. Yaxşı idmançıdır, dostumuzdur.
- İlk müəllim, ilk söz, ilk yarış? İlklər yaddan çıxmır!
- Mənim ilk müəllimim Yaşar Allahverdiyev olub. Onun elə ilk sözü də “sən Olimpiya çempionu olacaqsan” idi. Məni həmişə buna hazırlayırdı. İdmançının psixoloji olaraq yarışa hazır olması artıq qələbə deməkdir. İlk yarışım isə yeniyetmə vaxtı olub.
Uşaqlıqdan millətimi, dövlətimi sevən adam olmuşam. Çox patriot uşaq olmuşam. Kimsə mənim dövlətimə, millətimə nəsə deyə bilməzdi.
- Hər bir idmançının karyerasında yarışlar, turnirlər olur. Ancaq Elnur deyəndə başqa ab-hava yaranır, sənə idmançı kimi maraq daha çoxdu, çox uşağın kumirisən.
- Mən hər zaman seçilirdim, uşaq vaxtından fəal idim, biz də uşaq olanda kimsə bizim kumirimiz idi. Uğurlu insanlara baxa-baxa, onlardan nəsə götürərək böyümüşük. Çox cılız uşaq idim, amma təbii ki, həvəs, istək var idi. Bunu da müəllimim görürdü, hiss edirdi, daha çox, daha ciddi məşğul olurdu. Onun motivasiyası, dəstəyi mənim üçün önəmli idi.
2003-cü ildə Ankarada çempionat keçirilirdi, yarış qabağı xəstələndim, amma buna baxmayaraq yenə də yarışa çıxmalı idim, yarışın nəticəsi isə birinci yeri qazanmağım oldu.
- İdmançıya adi soyuqdəymənin yarış vaxtı çox təsiri olur, yoxsa bu da psixolojidir?
- Təbii ki, insan özünü hər yarışa hazırlayır, xəstə olsan da, halsız olsan da yarışdan qabaq o meydana psixoloji olaraq özünü mütləq hazırlamalısan.
- Həmişə qalib olmaq olmaz, olmur da onsuz! Ancaq idmançı kimi özünü məğlubiyyətə hazırlamısan heç?
- Mən cüdonu sevdiyim qədər inanmıram ki, hansısa idmanı belə sevim. Ona görə də həmişə özümü qalibiyyətə hazırlayırdım, amma idmanda məğlub da olursan, qalib də.
Yarışdan öncə həyəcan da olur, gərgin də olursan, amma buna baxmayaraq özünü hər şeyə hazırlamalısan.
Mən həmişə öz talantıma inanırdım, özümə güvənirdim ki, mən istədiyim yarışda qalib olmalıyam.
- İdmanda zədələr qaçılmazdır. Hansısa istədiyin yarışda zədə sənə mane olub?
- Zədəsiz idman olmur, bir neçə dəfə zədələnmişəm. Məsələn, 2005-ci ildə zədələnmişdi deyə dizimdən əməliyyat oldum. Bir müddət sonra toparlanmağa çalışırdım və yarışlara çıxmaq istəyirdim. Həmin vaxt bizim komandanın baş məşqçisi Ağayar Axundzadə idi.
Sağ olsun Ağayar müəllim, yarışa apardı məni. Həmin yarışda o zədələrə baxmayaraq 2-ci olmuşdum.
Zədə mənim karyerama təsir edib, məsələn, mən idmana davam etmək istəyirdim, amma həkimlər buna icazə vermirdi. Mən bunu heç yerdə deməmişəm, amma Avropa Oyunlarında iştirak etmək istəyirdim, çünki ilk dəfə bizim ölkədə keçirilən bir yarışda iştirak etməyim mənim üçün şərəf olardı.
Mən müəllimə bu barədə dedim, o dedi istəyirsən hazırlaşaq, amma təbii ki, həkim nəzarətində olmaqla. Biz başladıq hazırlaşmağa, elə oldu ki, məşqdə zədəmin hələ də olduğunu gördüm. Nəticədə zədəm təzələndi və həkimlə əlaqə saxladım. O dedi ki, mən sənə demişdim axı olmaz, mümkün deyil, sonra daha böyük zədə alarsan və bunun qarşısını almaq olmaz.
Müəllimim də dedi ki, mən bilirdim olmaz, amma sənin həvəsin, istəyin var idi deyə heç nə demədim. Çox istəyirdim belə möhtəşəm bir oyunda iştirak edim. Azərbaycanda Avropa Oyunlarının keçirilməsi hər bir vətəndaşın uğurudur, bu, ölkəmizin inkişafı deməkdir. Özəlliklə ilk dəfə bizdə keçirildiyinə görə daha çox qürur duydum.
- Yarışlar, nəticələr, gözləntilər, istəklər, arzular və?
- Yarışlarda 8 yaşımdan iştirak edirəm. 2006-cı ildə Böyüklər arasında Avropa çempionatında iştirak etdim, bütün rəqiblərim çətin idi, burda bolqar idmançı var idi. Digər bir idmançı da yadımdadır - Daniel Fernandes idi. O, məndən 12 yaş böyük idi, mən onunla görüşdə qalib olmuşdum.
İstəyim, arzum Olimpiya çempionu adını qazanmaq idi, şükürlər olsun qazandım. İnsanın arzusu, istəyi tükənmir.
- Olimpiya çempionu demişkən, bizə ondan öncəki və sonrakı həyatın haqda danış?
- Olimpiya çempionu olmamışdan qabaq çəki salırdım – 15-16 kq. Bu da bilirsiz də nə deməkdir. 2007-ci idə Braziliyada yarışda oldum, lisenziya qazandım. Koreyalı idmançı ilə sona qalmışdım, yarış heç-heçə davam edirdi, belə oldu ki, məğlub oldum. Düzdü, lisenziyanı qazandım, amma çempion olmadığıma görə məyus oldum. Çox pis təsir etmişdi mənə, özümə gələ bilmirdim. Çünki mən ondan zəif deyildim.
Ondan sonra Almaniyada birinci oldum, dünya reytinqində birinci idim.
Deməli mən Olimpiadada avqustun 11-də tatamiyə çıxırdım, çıxmamış başımı qaldırıb o zala baxdım, insanların o coşqusunu və ən əsası cənab Prezidentin bizi izlədiyini gördüm və düşündüm ki, mən burda məğlub ola bilmərəm, uduzmağa haqqım yoxdu.
Belə ki, tatamiyə çıxdım, 1-ci Belqrad, 2-ci Belarus, 3-cü Koreya, 4-cü İrandan olan idmançılar idi, sonuncu isə həmin koreyalı idmançı idi. Belə oldu ki, hamısını məğlub etdim. Qəribə bir enerjim var idi, özümə inanırdım, qalibiyyətimi əldən vermədim.
Həmin vaxt Mehriban xanımın (Əliyevanın) anama zəng edib təbrik etməsi məni sevindirdi, ruhlandırdı. Cənab Prezidentə və birinci xanıma təşəkkür edirəm, onların bizə dəstəyi, qayğısı, diqqəti mənim üçün fəxrdir.
O boyda ölkə içindən sənin himnin səslənir, bayrağımız dalğalanır, bunu anlamaq, dərk etmək lazımdır. Nadan, paxıl insanlar bunu anlamaz. Hər bir ölkənin vətəndaşı öz bayrağı ilə fəxr etməlidir.
- Olimpiya çempionu olandan sonra sənin haqqında çox şey danışdılar. Buna heç mi reaksiya vermədin?
- Tatamidə insan neyləyə bilər?! Kimsə bilirsə mənə desin. Tatamidi və sən güləşirsən! Tatamidə kimsə kiməsə kömək edə bilirsə, onda hamı kömək etsin bir-birinə. Orda Allahdan başqa insana heç kəs kömək edə bilməz.
Bilirsən, mən bir şeyi anlayıram. Yarışdan əvvəl isti yay ayında mən istidə qalın paltarlar geyinib məşq edəndə o danışanlar dəniz kənarında istirahət edirdilər, danışmaq asandı. İnsanlarda paxıllıq hissi varsa mən nə etməliyəm?! Əziyyət çəkən mən idim. Mən zədələndim, düz səkkiz ay xəstəxanada yatdım, kiməsə demədim. Səkkiz ay tərpənmədən yatmaq nə deməkdir bilirəm, amma səbir etdim. Kiminsə xəbəri vardı bundan? Əlbəttə, xeyr, onda qoy danışsınlar.
- Uduzmaq karyeranda az da olsa olub! İkinci dəfə Olimpiadada 2012-ci ildə məyusluq yaşadın. Ən əsas səhvi nədə etdin?
- Mən uduzacağımı heç gözləmirdim. Orda qəsdən oldu, hakimin səhvi idi və beləcə adıma məğlub oldu dedilər. Çünki orda hakim rus idi və onların idmançısı 3-cü çıxacaqdı, bilirdi ki, mən ona qalib gələcəm, çünki bundan əvvəl dəfələrlə ona qalib gəlmişəm. Həmin vaxt şokda idim, çünki mən güclü idmançılara uduzmamışam.
- Zədələrdən sonra yenidən idmançı kimi özünü toparlaya bildinmi?
- Zədə, sonra da neçə ay xəstəxanada yatmağım istər-istəməz təsir etdi. Təsəvvür edin ki, məşq eləmirsən, kilo alırsan. Kim məni görürdü, deyirdi ki, nə yaman kökəlmisən (gülür).
Amma yavaş-yavaş toparlanmağa başlamışdım, ondan sonra 2010-cu ildə Yaponiyada Böyük Dəbilqə turnirində güləşirdim. İdmançıların hamısı dünya, Avropa çempionu idilər. Həmin vaxt 5-ci oldum, düzü gözləmirdim, çünki uzun müddət idmandan, məşqdən uzaq qalmışdım. Sonra İstanbulda 2011-ci ildə Avropa çempionatı keçirilirdi və mən birinci oldum. Bildiyiniz kimi Azərbaycanda 3 Avropa çempionu var - Nazim Hüseynov, Elçin İsmayılov və mən.
Daha sonra 2011-ci ildə Azərbaycanda World Master yarışı keçirilirdi və birinci yeri qazandım. 2012-ci ildə isə Qazaxıstanda keçirildi və yenə birincilik qazandım.
- Cüdo dünyada tanınmış idman növüdü və Azərbaycanda bir ara cüdoya diqqət azaldı və yaxud bəzi problemlər oldu. Əsas səbəb nə idi?
- Bəli, cüdo məşhur idman növlərindən biridir. Azərbaycanda da yetərincə məşhurdur. İlk olaraq komandanın 2012-ci ildə baş məşqçisi dəyişdi, çünki komanda tam fiziki-psixoloji, texniki hazır olmalıdır və bütün bunlar vacibdir.
Füzuli Ələkbərovun rəhbərliyi zamanında da komanda yaxşı idi, amma problem həmişə var. Hal-hazırda Rövnəq Abdullayevin rəhbərliyi ilə hər şey yüksək səviyyədədir. Füzuli müəllim federasiyada olan zaman məni vitse-prezident seçmişdilər və sağ olsun Rövnəq müəllim, yenə də işimə davam etməyi söylədi. Təbii ki, bu mənim üçün sevindirici haldır. Mən Dövlətin əsgəriyəm, harda qoysalar, orda da işimi davam etdirəcəm.
Bu gün cüdonun, idmanın inkişafına görə Cənab prezidentə, Mehriban xanıma, Rövnəq müəllimə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm.
- Gənc yaşında ailə qurmusan, bu, idmanla, yarışlarla çətin deyildi ki? Çünki idmançı hər istədiyin vaxt evdə olmur!
- Mən 2010-cu ildə ailə qurdum, indi iki gözəl balam var, qızım Arzu, oğlum Emin.
- Onların idmana həvəsi varmı? Atalarının davamçısı ola bilərlər?
- Oğlumu gimnastikaya qoymuşam, amma topu qucaqlayıb yatır (gülür).
Yəqin ki, futbolçu olacaq, futbola marağı çoxdu. Qızım isə bədii gimnastikayla məşğul olsun istəyirəm.
- Futbol demişkən, futbola baxırsan? Əcnəbiləri demirəm, öz komandalarımızı deyirəm.
- Oğlumla bərabər “Neftçi”ni, “Qarabağ”ı izləyirəm. Rəşad Sadıxovu, Ruslan Abışovu tanıyıram.
Nərmin Kazımova
Foto: Asif Əliyev
www.oxu.az
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyada Şolts hökumətinə son: Erkən seçim prosesi başladı
- Almaniyada siyasi böhran: Bundestaq Şolts hökumətinin taleyini həll edəcək
- Almaniya hökuməti sakinləri ərzaq tədarük etməyə çağırıb
- Almaniyada uçuş üçün kostyum icad edildi
- "Berlini cəhənnəmə çevirəcəyik!" - Suriyalı qaçqınlar Avropada müharibəyə başlamağa hazırdırlar
Rəylər