Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Nicat Şıxəlizadə: İdmançı özünə qadağa qoymağı bacarmalıdır – MÜSAHİBƏ + FOTO
Oxu.Az-ın “Oyundan kənar” rubrikasının budəfəki qonağı cüdo üzrə Avropa və dünya çempionu Nicat Şıxəlizadədir.
- Naxçıvanda yaşayan, oranın havasına, suyuna öyrəşmiş bir uşaq üçün Bakıya gəlib burda yaşamaq, idmana başlamaq çətin olmadı ki?
- Düzünü desəm çətin olmadı. Uşaqsan görürsən, öyrəşirsən, amma iş elə gətirir ki, sən başqa yerə köçməli olursan. Düzdü, mən Naxçıvanın Şərur rayonunda böyümüşəm. 4-cü sinifdə oxuyanda Bakıya köçmüşük və burda Respublika Olimpiya İdman liseyinə yazılmışam, elə burda da cüdoya başlamışam. Cüdoya başlayanda 10 yaşım vardı. İlk müəllimim də Nağı Babayev olub. Mən idmanı sevirdim, idmana həvəsim vardı. Ona görə də qalmaq, öyrəşmək çətin olmadı mənə.
- Bildiyimə görə ilk gimnastikayla məşğul olmusan?
- İlk dəfə gimnastikaya getmişdim, amma sevmirdim bu idmanı. Güləşi, cüdonu sevirdim və marağım vardı.
Gimnastikadan ayrıldım və gizlin, heç kəsin xəbəri olmadan cüdoya yazıldım (gülür)
- Hər bir insanın istər özəl həyatında, istər işində çətinliyi olur. Yəqin ki, səndə də belə hallar az olmayıb?
- Düzdü, çətinliyə qalib gəlmək səbir tələb edir. Düzünü desəm mənim çətinliyim idmanımda özünü göstərib. Deməli, 2005-ci il idi. Xorvatiyanın Zaqreb şəhərində gənclər arasında Avropa çempionatı keçirilirdi və mən Avropa çempionu oldum. Amma bu yarışda dedilər ki, analiz götürəcəyik. Elə oldu ki, məndən də götürdülər və analizlərin cavabında istifadəsi qadağan olunmuş preparat çıxdı. (Bu preparat süni olaraq çəki salma üçündür). Düzünü desəm bu təcrübəsizlikdən irəli gəldi. Mən bilmədən bu preparatdan istifadə etmişdim.
- Necə yəni bilməmişdim? Məncə sizə bu haqda məlumat verməlidirlər, hansı preparat nə üçündür, hansı olar, hansı olmaz? Düzdü?
- Bəli. Yenə də deyirəm təcrübə önəmlidir, əsasdır. Gənc idim və təcrübəsizlikdən istifadə etmişdim. Buna görə də məni beynəlxalq yarışlardan bir il müddətinə uzaqlaşdırdılar. Buna baxmayaraq məşqlərimi davam edirdim, məşqlərdən qalmırdım. Amma təbii ki, bir il az müddət deyil. Kənarda qalırsan, həvəsdən düşürsən.
Bir illik cəzadan sonra 2006-cı ildə gənclər arasında dünya çempionu oldum. Daha sonra 2007-ci ildə Olimpiya oyunlarına lisenziya qazanmışdım, amma iştirak etmək qismət olmadı. Belarusiyanın Minsk şəhərində idik və idmançılarda yoxlama aparılırdı, yəni analiz, həkim qeydiyyatından keçirdik. Yenidən məndə bu preparatdan istifadə etdiyim aşkar olundu, halbuki bu preparatdan həmin vaxt istifadə etməmişdim. İlk dəfə istifadə edəndə təcrübəsizliyim olmuşdu, amma bu dəfə həqiqətən istifadə etməmişdim. Bilirsiz, yarış qabağı hər şey olur. Ola bilər ki, kimsə sənin suyuna, yeməyinə gizlin şəkildə hansısa dərmanı qata bilsin. Yəni yarış öncəsi hər şey olur. Amma buna baxmayaraq mənə düz 4 il cəza verildi. Bir idmançı üçün 4 il idmandan uzaq durmaq çətindir. Pekin Olimpiadasından, yarışlardan uzaq qaldım, amma təbii ki, geri çəkilmədim, idmandan getmədim. Çoxları gözləyirdi ki, idmandan gedəcəm, ancaq getmədim. 2011-ci ildə cəzam bitdi və yenidən yarışlara qatıla bilərdim.
- 4 il ara və yenidən qayıdış necə oldu?
- 4 ildən sonra ilk dəfə Avropa birinciliyinə qatıldım. Çəkimi dəyişdim, 66 kq çəkiyə keçdim. Qran Pri yarışlarının, 2012-ci ildə İstanbulda Avropa kubokunun qalibi oldum. Hal-hazırda dünya reytinqinin top onluğunda 8-ci yerdəyəm. Düzdü, 4 illik fasilə mənə mənfi təsir etdi, amma əsas odur ki, yenidən idmandayam.
- Bildiyimə görə məktəb illərində yaxşı oxuyurmuşsan?
- Dərslərimi əla oxuyurdum, ən sevdiyim dərs isə cəbr dərsi idi. Amma nə qədər yaxşı oxusan da idmanla bərabər alınmır, çətinlik çəkirsən. Uşaqlıqdan sistem işinə həvəsim vardı və polis olmaq istəyirdim. Hal-hazırda Sərhəd Qoşunlarının zabitiyəm.
- İdmançıların içki, siqaretlə görünməsi nə dərəcədə düzgündür?
- Bir idmançı özünə qadağa qoymağı bacarmalıdır. Ürəyi çox şey istəyə bilər, amma edə bilməz. Çünki idmançıdır və hər hərəkətinə, qidasına fikir verməlidir.
- Yəqin ki, Olimpiya çempionu olmaq niyyətin də var?
- Təbii ki. 2016-cı ildə keçiriləcək Olimpiya oyunlarına hazırlaşıram. Olimpiya çempionu olmaq arzularımdan biridir. Buna görə də fasilə vermədən hazırlaşıram.
- Çox vaxt geyimlərinin hansısa marka olduğunu görürəm. Bu, göstəriş üçündür, yoxsa marka geyinməyi sevirsən? Büdcən buna icazə verir?
- Əslində nə xoşuma gəlirsə, onu da geyinirəm. Daha çox idman geyimlərinə üstünlük verirəm. Bəzi markaları sevirəm. Məsələn, “Adidas”, “Mizino”.
- Yetəri qədər güclü idmançılarımız var. Bəs ən güclü cüdoçumuz kimdir, səncə?
- Hərə özünə görə və öz çəkisinə görə güclüdür. Güclü döyüşdə, yarışda görünür. Düşünürəm ki, idmançılar arasında sağlam və normal rəqabət olmalıdır.
Nərmin Kazımova
Foto: Ratmir Şərifov
www.oxu.az
Rəylər