Prezident İlham Əliyev “Əmanətlərin tam sığortalanması haqqında” qanunu imzalayıb.
Oxu.Az xəbər verir ki, Qanun qüvvəyə mindiyi gündən etibarən Əmanətlərin Sığortalanması Fondunun (ADİF) Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.
Bundan başqa, əmanətçilərin illik faiz dərəcələri ADİF-in Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin şəxslərin müraciəti əsasında müvafiq dəyişikliklər edilməklə tam sığortalanır (yəni, ADİF-in şərtlərinə uyğunlaşdırılmaqla – red.).
Müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir.
ADİF-in iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində (bütün məbləğ – red.) ödənilir.