Türkiyə müharibənin ilk günlərindən çox müsbət davranış göstərib. Sülhə, sabitliyə hesablanmış davranış. Eyni zamanda, ilk günlərdən Azərbaycanın haqq işinə Türkiyə öz dəstəyini göstərmişdir.
Bu sözləri Prezident İlham Əliyev dünən keçirdiyi mətbuat konfransında deyib:
“Əziz qardaşım hörmətli Prezident ilk günlərdən çox dəqiq açıqlamalar vermişdir. Digər vəzifəli şəxslər - müdafiə naziri, xarici işlər naziri, digər nazirlər, Türkiyə Böyük Millət Məclisinin sədri. Bütün bu açıqlamalar, bizə verilən siyasi və mənəvi dəstək həm bizi gücləndirdi, eyni zamanda, bir çoxları üçün çox ciddi mesaj oldu. Müharibədən sonra da Türkiyə çox müsbət münasibət göstərir. Hətta, dünən Türkiyənin rəsmi şəxsləri Ermənistanda olan vəziyyətlə bağlı açıqlamalar verdilər.
Bu gün Azərbaycan, Ermənistan və Rusiya arasında baş nazirlərin müavinləri səviyyəsində aparılan görüşlər də Türkiyə tərəfinə bəllidir. Çünki bu görüşlər bütün bölgə üçün əhəmiyyət daşıyır. Həm Türkiyə, həm İran, həm gələcəkdə belə bir istək olarsa, Gürcüstan ümumi platformaya qoşula bilər. Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bizim bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir”.
İlham Əliyev: “Türkiyə dünya miqyasında güc mərkəzi kimi bölgəmizdə çox müsbət rol oynayır” - VİDEO