“Müharibənin ilk günlərindən mən demişdim ki, düşmən bizə tarix versin, düşmənin rəhbəri tarix versin, nə vaxt bizim torpağımızdan rədd olur və biz müharibəni dayandırmağa hazırıq. Yenə də sözümdə durdum, bizə tarix verilən kimi, kapitulyasiya aktı imzalanan kimi müharibə dayandı və biz bir güllə atmadan, bir itki vermədən Ağdam, Kəlbəcər və Laçın rayonlarına da qayıtmışıq. Beləliklə, ərazi bütövlüyümüzü bərpa etdik. Yenə də deyirəm, biz hazırlaşmalı idik, Şuşa bizi gözləyirdi. Amma biz elə gəlməli idik ki, bu məsələni birdəfəlik həll edək”.
Bu sözləri Prezident İlham Əliyev Cıdır düzündən Azərbaycan xalqına müraciəti zamanı deyib:
“Son illər ərzində mən həm çıxışlarda, həm müsahibələrdə dəfələrlə demişəm ki, bizə məsələnin yarımçıq həlli lazım deyil. Bu, nə deməkdir, Azərbaycan xalqı yəqin ki, gözəl başa düşür. Mən demişdim ki, hər şeyi vaxtında etmək lazımdır. Nəyi, nə vaxt, necə etmək lazımdır, bilirəm. Mənim üçün torpaqların azad edilməsindən daha ümdə vəzifə heç vaxt olmamışdır. Bütün prezidentlik dövrümü mən buna həsr etmişəm. Hər bir qərarın arxasında bu məqsəd, bu hədəf dayanmışdı - bu addım bizi qələbəyə yaxınlaşdıracaqmı, yoxsa yox. Deyirdim ki, hər birimiz hər gün qələbəni yaxınlaşdırmalıyıq. Mənim çıxışlarım var, onlar tarixdə qalır. Hər gün hər birimiz qələbəni yaxınlaşdırmalıyıq. Yaxınlaşdırdıq, hazırlaşdıq, gəldik düşməni məğlub etdik, məhv etdik. Gəlmişik və burada dayanmışıq. Müzəffər Ordunun Ali Baş Komandanı kimi dayanmışam qədim Azərbaycan torpağında və heç kim bundan sonra bizi buradan çıxara bilməz”.